Qonaq Kitabı
BİZƏ NƏ!

Verməriz bir qəpik, ölsə füqəralər, bizə nə?!

Qoysana, rədd ola bu bisərü nələr, bizə nə?!

 

Neçə fənd ilə, neçə hiylə ilə, möhnət ilə,

Yığmışıq bunları üst-üstə böyük zillət ilə,

Şimdi xərc eyləyiriz, keyf ediriz ləzzət ilə,

Xərc qılmaq yerin anlarmı gədalər, bizə nə?!

Verməriz bir qəpik ölsə füqəralar bizə nə?!

 

Sabah işrət günüdür, toy edəcək Mirzə Qafar,

Toy olan yerdə, yəqin, oynanacaq güclü qumar,

Ay fəqir, sən də gəl ud, bir gecə doxsan min, apar

Sonra get çək özünə zövqi-səfalar, bizə nə?!

Qoysana, rədd ola bu bisərü palər, bizə nə?!

 

Qarsın ətrafını gəzsən, belə aclıq da deyil,

Qurtarıb un, düyü bir aydı, hamı arpa yeyir,

Müxtəsər, ac balalar dad edib, ətmək diləyir,

Olunub onlara çox cövrü cəfalar, bizə nə?

Verməriz bir qəpik ölsə füqəralər bizə nə?!

 

Mənə bəsdir, a canım, versələr Sonya xanımı,

Ona qurban edərəm var-yoxu, hətta canımı,

Çün aparmışdır əzəldən dinimi, imanımı,

A kişi, bəsdi yetər bunca sədalər, bizə nə?

Qoysana, rədd ola bu bisərü palər, bizə nə?!

 

Yaxşı olsaydı əgər bir-birinə rəhm eləmək,

Pul ilə, buğda ilə, qənd ilə, çay ilə kömək,

Bunu hər kəsdən əzəl eyləyə, bax, molla gərək,

Hal bu kim, söyləyir hər mollanümalər “bizə nə?”

Verməriz bir qəpik ölsə füqəralər, bizə nə?! 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info