Qonaq Kitabı
ŞÜKR XUDAYA

(Mərhum Sabirin bir şerindən

         bir parçasını beşləmə)

 

Başsız bu müsəlmanlarına şükr, xudaya!

Bunca yaranan canlarına şükr, xudaya!

Həm bəy, həmi də xanlarına şükr, xudaya.

“Bimərhəmət əyanlarına şükr, xudaya.

Bu sahibi-milyanlarına şükr, xudaya”.

 

Ölsə füqəralər hamı min dərd ilə qəmlə,

Çılpaq, yalavac, ac, susuz, dərdü vərəmlə,

Rəhm eyləməyin onlara dinarü dirəmlə,

“Millət qəminə baxmayan ənzari-kərəmlə,

İşani-zəvişanlarına şükr, xudaya!”.

 

Hər nakəs üçün haqqını keçməkdən əlavə,

Nəfsindəki nikü bədi seçməkdən əlavə,

Haqqın kökün oraq ilə biçməkdən əlavə,

“İş bilməyən ancaq yemək-içməkdən əlavə,

Bu canlı dəyirmanlarına şükr, xudaya!”

 

Ətrafü cəvaridə qopubdur belə tufan,

Derlər ki, zərərdidədi minlərcə müsəlman,

Ətmək diləyib, xırda uşaqlar edir əfqan, 

“Bidadi-bəradərlə olan qanına qəltan

Qafqazdakı qurbanlarına şükr, xudaya!”

 

Diksinməyən hər növ səfalətlərə qarşı,

Səslənməyən hər qism xəyanətlərə qarşı,

Laqeyd olan əfali-rəzalətlərə qarşı,

“Sakit oturan böylə cinayətlərə qarşı,

Bu sahibi-vicdanlarına şükr xudaya”.


 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info