Qonaq Kitabı
AĞCAQANAD

Lənət olsun sənə ey düşməni-can, ağcaqanad,

Bir daha verməyəsən xalqa ziyan, ağcaqanad!

 

Gizli-gizli uçaraq gizli qonub sancırsan,

Mənə hər hiylələrin olmuş əyan, ağcaqanad.

 

Güli-rüxsarını hər bir gözəlin, biinsaf,

Bixəbər dişləyərək eyləmə qan, ağcaqanad!

 

Bu gecə sübhə kimi dad elədim dəstindən!

Mənə rəhm eyləmədin bircə zaman, ağcaqanad!

 

Qaldım axır yuxusuz, sübhə kimi çəkdim aman,

Qalmadı məndə daha tabü təvan, ağcaqanad!

 

Böylə yoldaşlıq olurmu, bumu yoldaş olmaq?

Bu gedər axıra heç, qılma güman, ağcaqanad!

 

Bir qədər gər böyük olsaydı boyun aləmara,

Nə edərdin, görəsən, əhli-cahan, ağcaqanad?

 

Şəhrilə, kənd dadardı azacıq zəhrindən,

Bir nəfər qalmaz idi pirü cavan, ağcaqanad.

 

Rəhmü insafü mürüvvət, həm ədalət sözünü,

Atmısan bir tərəfə bircə usan, ağcaqanad.

 

Söylə kim, söylə, a küstax, verib izn sənə, 

Eyləmiş məhrəmi israri-nihan, ağcaqanad!

 

Nola bircə sən olub, mən də səni sancsa idim,

Sən də mən tək oyanaydın yuxudan, ağcaqanad!..

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info