Qonaq Kitabı
BAHAR

Bahar gəlcək dağ-dərə, al-yaşıla boyanır,

Yorğun yatmış təbiət yuxusundan oyanır.

O gələndə can verir qurumuş budaqlara,

Al göynəkli lalələr seyrə çıxır dağlara.

O gələndə çəmənin nazlı, incə qızları,

Valeh edir özünə göydəki ulduzları!..

O dərs verir eşqdən hicran çəkmiş bülbülə;

O öyrədir qəmzənin al dilini hər gülə.

O gələndə günəşin zərli, parlaq işığı,

Verir əlvan çöllərə gözəllik, yaraşığı.

Cəmənlərdə, çöllərdə gül gülür, sünbül gülür,

Qucaq-qucaq bağlara göydən nurlar tökülür;

İpək qanadlarilə uçuşur kənəklər,

Bağda, bağçada gülə naz satır gələbəklər.

Səhər-səhər şəbnəmlər qonurlar yarpaqlara;

Başqa bir şənlik enir, rövnəq gəlir bağlara,

Dağların yamacında çobanlar çalır neyi,

Ləzzət verir onların zümzüməsi, hey-heyi.

Qar əriyib başlayır çaylar şaqqıldamağa,

Çəmən əhli o çaydan içib gəlir damağa. 

O gələndə süfrədən səba qaldırır pərdə,

Nə istəsən tapılır bizim bol süfrələrdə.

“Ah, bahar, gözəl bahar”, - deyib qoşur baharda,

O mənim şirin dilli, istəklim nazlı yar da. 

O da gəzir çəməni, qoşulur sünbüllərə

O güllərin rənginə aşiqdir bülbüllərə.

Soruşuram nə üçün de sevirsən bülbülü?

Cavabında deyir ki, var onun şirin dili.

Mən bülbülü sevirəm, vətənin bağlarında

Cəh-cəh vurur güllərin açmış budaqlarında;

Bahar, şair, gül, bülbül, bir də ki, gözəl vətən,

Bağlıdır bir-birinə, ayrılmaz bir-birindən.

Şad olsun ellərimiz, şənliklə dolsun çəmən!

Dünya durduqca dursun, yaşasın gözəl vətən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info