Qonaq Kitabı
AYRILA BİLMƏM!

Sevdiyim, mən səndən ayrıla bilməm,

Sən mənə ayrılıq yolun andırma!

Yaralıdır könlüm, gəl eylə məlhəm!

Yaralını bir də yaxıb-yandırma!

Yaralıdır billah, yaralı könlüm!

Sanma, yaşar səndən aralı könlüm!

Varlığım məhv oldu, mənliyim getdi;

Zülmündən, gözəlim, əl çəkməzmisən?

 

Qəmlərin könlümü yaxdı, əritdi,

Vəfasızlıq rəsmin tərk etməzmisən?

 

Yaralıdır billah, yaralı könlüm

Sanma, yaşar səndən aralı könlüm!

 

Kimlərdən sorayım, kimdən diləyim –

Vəslinin çarasın, a nazlı dilbər?

Aç mənə könlünü, bircə biləyim,

Haqqımda bəslənmiş könlündə nələr?

 

Yaralıdır billah, yaralı könlüm!

Sanma yaşar səndən aralı könlüm!

 

Böyləmi keçəcək hicrində günüm?

Hicran atəşinə yanana yazıq!

Şerimdən könlümü oxuyub mənim,

Həmdərd olub, billah, qanana, yazıq!

 

Yaralıdır billah, yaralı könlüm!

Sanma yaşar səndən aralı könlüm!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info