Qonaq Kitabı
SABİRƏ İTHAF

Sabir! Ey atəşin qələm şair,

Şerdə möcüz eylədin zahir.

O zamandan ki, şerə dil açdın,

Millətə elmü mərifət saçdın,

Şerin ayinə oldu millət üçün,

Fikrin oldu nümunə ibrət üçün, 

İşçilər həpsi səndən aldı ziya,

Gördü təkdir səndən əhli-riya, 

Qorxmadın həq yolunda ölməkdən,

Söyülüb, danlanıb, döyülməkdən.

Baxmayıb baş kəsənlərin sözünə,

Hər kəsin eybini dedin üzünə.

Səni yaxdıqca nari-istibra,

Daima, sən də çəkdin ondan dad.

Söylədin iştə əhli-İranə,

Qoymadın mülkü böylə viranə.

Sizdə, aya, nədir bu vəziyyət,

Məhv olub, bitdi məzhəbü millət.

Tapınız doğru yol, səmimiyyət,

Bu nədir, bir yalançı hürriyyət.

Veriniz həqqini fəqirlərin,

Çatınız dadına həqirlərin.

Çəkdin Əbdülhəmid əlindən aman,

Türkü öldürməyib bu halə salan

Türklər, yatmayın, zamana baxın,

Siz də vəziyyəti-cahana baxın.

Payınız dürlü-dürlü cəmiyyət,

Ediniz siz də kəsbi-hürriyyət.

Müxtəsər, türkə, əhli-İranə,

İşçiyə, kəndçiyə, bəyə, xanə

Dürlü simadə göstərib üzünü,

Hamı əsnafə söylədin sözünü.

Əhli-təzviri eylədin təkdir,

Əhli-vicdanı eylədin təqdir.

Saçdın hər bir yerə ziyayi-ədəb,

Bizə oldun da canlı bir məktəb.

Heyf kim, vermədi əcəl fürsət,

Sən nəsən, bilsin, anlasın millət.

Ölmədin, ey ədibi-paksiyər,

Qəlbimizdir bu yatdığın məqbər! 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info