Qonaq Kitabı
ZALİMSƏN

Bir mələkxislətə bəndəm, bəndəm,

Həlqeyi -zülfi ilə pabəndəm.

 

Bir pəri-surət əlindən zarəm,

Öz-özümdən də odur bizarəm.

 

Nərgizi-məsti ilə məstəm mən,

O səbəbdən belə dilxəstəm mən.

 

Mən o zülfi-siyahın sayəsiyəm,

Mən onun aşiqi-avarəsiyəm.

 

Mən o əbruyi-kecin mürdəsiyəm,

Mən onun tiri-cəfaxurdəsiyəm.

 

Mən onun xislətinin mailiyəm,

Hüsnünün ən qoca bir sailiyəm.

 

Firqətində günümü tar eləmiş,

Necə gör hicrə giriftar eləmiş.

 

Edəcəkmi, görəsən, çarə mənə?

Vuracaq ya yeni bir yarə mənə?

 

Arkadaşlar, nə edim, mən nə edim,

Kimə mən yalvarayım, dadə gedim?

 

Bir desinlər ona: - Ey nazlı gözəl,

Nola bir şəfqətə gəl, şəfqətə gəl!

 

Bu qədər səndə nədəndir bu cəfa,

Rəhmə heç gəlməz isənmi, əcəba?

 

Bu sənin seydi diləfkarındır,

Ona rəhm eylə ki, bimarındir.

 

Yaşamaz çünki o sənsiz, yaşamaz,

Ona rəhm et ki, o sənsiz yaşamaz.

 

Eşidib ta bu xitabı güləcək,

“Həpsini mən bilirəm” - söyləyəcək.

 

İndi ki, bu işə alimsən sən,

Nə səbəb bir belə zalimsən sən!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info