Qonaq Kitabı
QADIN

Qadın hər qövmü hər millətdə şayani-inayətdir,

Fəqət tək bircə bizdə bunlara zülm etmək adətdir.

Təəssüf, anlaşılmaz bizdə qədri madəri-dəhrin;

Bilinməz sinəsi bir məktəbi-feyzü səadətdir.

Qadın bir afitabi-nuri-pak, bəzmi-ürfandır.

Küsufi baisi-zülmət, xovfü xəsarətdir.

Cünudi cəhd ilə mədum edib ədli, müsavati,

Əsir aldıq qadın sinfin ki, məhkuməl-əsarətdir.

Müqəddəs şər adıyla istədik pünhan edək zülmü,

Vəli heç bilmədik şəri-şərifə bir əhanətdir.

Şəriət bizdə hər bir şərdən vüsətlidir, zira

Binayi-əsli-hürriyyət, müsavatü ədalətdir.

Kəlamüllahi-həqqin yox təfavüt əmrü nəhyində

Ər olsun, övrət olsun, əhli-həq, əhli-hidayətdir.

Şəriət bir, təriqət birdir, əmrü nəhy birdir, bir!

Bütün qanuni-xilqət bir ikən bu nə fəraqətdir?

Olurmu bəhri-ümmani-günaha qərq olan kəslər –

Çəkə qeydin o əşxasın ki, sahildə səlamətdir?

Əzizim, bircə dəfə fikr qıl bir öz nicatınçın -

Ki, təxiri-həqiqət mocibi-şərmü nədamətdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info