Qonaq Kitabı
YAZ QƏLƏM

Sən, ey incə sözlü ixtiyar qələm,

Yaz, işlə, yorulma bəxtiyar qələm.

Bülbül də cəh-cəhsiz heç oturarmı?

Qələm də yazmayıb sakit durarmı?

Yurdun gülşənlərin içində bir gün,

Sən də gül eşqiylə yanan bir bülbül

Vur cəh-cəh şairlər qulaq assınlar,

Gülşənə dastanlar deyib, yazsınlar

Sən də yaz, çalınsın sözün sazlarda,

Oxusun şerini xoş avazlarda.

Özünü anlayıb bilən insana,

Ən doğru, yanılmaz mətin imana,

Qırılmayan əzmə, dönməyən rəyə,

Bir an dayanmadan edilən səyə,

Dünyaya sığmayan şən azadlığa,

Böyük günlərdəki böyük şadlığa,

Tökülən qanlara, ölən canlara,

Hesabsız verilən bu qurbanlara,

Nə şey bərabərdir gətir xəyalə,

Onların eşqində qaldır piyalə

Onların eşqində sən də yaz, qələm,

Ney kimi sızaraq ver avaz, qələm.

Sən də yaz, çalınsın sözün sazlarda,

Oxusun şerini xoş avazlarda!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info