Qonaq Kitabı
ACI XƏNDƏ

Gözəlim, hər kəsi incitmək səndə

Təbiətmidir, ya adətmidir?

Səndə xəstələrə bu acı xəndə

Sədaqətmidir, zərafətmidir?

 

Pozğun saçlarını düzəldib dara,

Yetər ürəyimə vurduğun yara,

Vurduğun yaranın səbəbin ara,

Məhəbbətmidir, ədavətmidir?

 

Söylə gözlərinə otursun rahət,

Süzgün baxışlara etməsin adət,

Sinəmə saçdığı yeni cərahət -

Məvəddətmidir, cinayətmidir?

 

Eşqinin uğrunda mən günüqara,

Yanıb, yaxılarkən yanar odlara,

Dərdimə qıldığın bu odlu çara -

İnayətmidir, kəramətmidir?

Çəkilsə gözümə hicrandan pərdə,

Düşsəm yaman günə, olmazın dərdə,

Dözərəm, haqq batmaz derlər ki, bir də

Həqiqətmidir, rəvayətmidir?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info