Qonaq Kitabı
BİR HƏSBİ-HAL

Bir bülbüləm yorğun, qanadım sınıq,

Gülümdən ayrılmış, ürəyim yanıq,

Sevdiyindən ayrı düşənə yazıq! -

Can qalmamış məndə, nəfəs olsa da,

Oxumaram qızıl qəfəs olsa da!

 

Bir qəribəm, bilməm, haralıyam mən,

Elimdən, günümdən aralıyam mən,

Bir gülün əlindən yaralıyam mən,

Can qalmamış məndə, nəfəs olsa da,

Oxumaram qızıl qəfəs olsa da!

 

Bir xülyaymış sevdam - məhv olub bitdi,

Bir röyaymış eşqim - dağılıb getdi, 

Möhnətin könlümü yaxıb, əritdi,

Can qalmamış məndə, nəfəs olsa da,

Oxumaram qızıl qəfəs olsa da!

 

Çəkdin gözlərimə hicrandan pərdə,

Düşdüm qəmlərindən olmazın dərdə,

Heç bir sormazmısan yaralım nerdə?

Can qalmamış məndə, nəfəs olsa da,

Oxumaram qızıl qəfəs olsa da!

 

Diləyim məhv olmaz, ümidim sönməz,

Üzüm dönsə səndən, ürəyim dönməz,

Sənə yetməyincə könlüm ovunmaz,

Can qalmadı məndə, nəfəs olsa da,

Oxumaram qızıl qəfəs olsa da!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info