Qonaq Kitabı
YURDUMUN YARISI

Ey şanlı yurdumun böyük yarısı,

Uzaqlardan baxma biganə kimi,

Gəl həyat eşqilə sözün arısı

Yanaq şəm oduna pərvanə kimi.

 

İrqimiz, kökümüz birdir-bir, bizim,

Bakım sağ gözümdür, sən də sol gözüm,

Neçin bulaşmısan, gözəl Təbrizim,

Çamırlar içinə dürdanə kimi?

 

Hər gələn vəliəhd kəsdi başını,

Axıtdı sel kimi gözün yaşını,

Axtarıb tapmadın öz qardaşını!

Tək qaldın cahanda bu anə kimi.

 

Yazmışdın tarixə ən şanlı bir ad,

Bu adı eylədi yad ellər bərbad!

Qardaş olmuş ellər, obalar abad,

Sən qalmışsan orda viranə kimi.

 

Düşün, olacaqsan nə vaxtadək qul!

Başqalar doğmasın ögey bir oğul!

Sarıl inqilaba, ya boğ ya boğul?

Çarpış öz haqqını alana kimi!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info