Qonaq Kitabı
MÜŞTƏRİN MƏNƏM

Qurban gözlərinə, gəl al canımı,

Öz əlinlə tapşır məzarə məni!

Qəmzən oxlarıyla axıt qanımı,

Qovlama qapından kənarə məni!

 

Sanma hicranını bu qədər asan,

Hicranın eylədi könlümü al qan!

Mən səndən dilərdim dərdimə dərman,

Sən yenə oxladın dübarə məni!

 

Zülmündən əl götür, bir insaf eylə,

Könlüm aynasını silib saf eylə,

Sən mənə izn ver bir məaf eylə,

Qoy qılım hüsnünə nəzarə, məni!

 

Saçların gecəmdir, üzün gündüzüm,

Gecəylə gündüzü görməyir gözüm,

Görməmək dərdinə mən necə dözüm?

Qoydun həsrət eylü nahara məni!

 

Sən mənim ərzimsən, qəmərin mənəm,

Əyarlı zərimsən, zərgərin mənəm,

Sevgili Yusifəm - müştərin mənəm,

Salma bundan artıq bazarə məni!

 

Halıma insafla bir nəzər eylə,

Sevda yollarına bir güzər eylə,

Qıldığın zülmdən bir həzər eylə,

Yetər, salma qeyri azarə, məni.

 

Hicrandan yaralar açan könlümə,

Vəslindən verməyən dərman könlümə,

Əlindən şikayət edim mən kimə?

Axır məcbur etdin ah-zarə məni!

 

Bir qətrə yaş axıt, halıma ağla,

Yaramı əşginlə yuyub da bağla,

Xəzan çağı, gülüm, qoynunda saxla,

Bir bülbüləm yetir bahara məni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info