Qonaq Kitabı
HİCRAN

Süzgün bir baxışla yaxdın könlümü,

Sızladı ürəyim, amana gəldim,

Yolunu bəklədim gözüm qaraldı,

Təngə düşdüm; axır cəzana gəldim!

 

Səndən ayrılanı günüm qaradır,

Ürəyim əlindən, quzum, yaradır!

Dərdimə bir ancaq vəslin çaradır,

Bunu bildim, sənə dərmana gəldim!

 

Bir yolçuyam yolum uzaq, qaranlıq,

Yorulmuşam gedə bilməm mən artıq!

Yolunda yorulub qalana yazıq,

Olaraq hicrindən divanə, gəldim!

 

 Çıxaraq dərədən, aşaraq dağdan,

Səni arayıram daim o çağdan,

Hüsnünün şəmini görcək uzaqdan,

Ona olmaq üçün pərvanə, gəldim!

 

Eşqimin duyğusun sanma bir röya,

Vəslimin ümidin bilmə bir xülya,

Ah... Səndən ayrılmaq, bu, olurmu ya?

Döndərib könlümü mən qanə, gəldim.

 

Aşiqlər könlünü qana döndərmək,

Əvvəllər yox idi, sevimli mələk,

Bunu da sən icad eylədin, demək!

Ah, mən yazıq nə pis zamanə gəldim!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info