Qonaq Kitabı
HARDA

Qəmlər düşgünüyəm, günüm qaradır,

Köksüm çarpaz dağlı, könlüm yaradır!

Bilməzəm, dərdimə nə şey çaradır?

Bəs mənim dərdimin çarası harda?

Təbibim hardadır, davası harda?

 

Könlüm ləpələndi, qəlbim bulaşdı,

Möhnətim sel kimi dağlardan aşdı,

Diləyim məhv oldu, qəmlərim daşdı,

Bəs mənim könlümün həbibi harda?

Çarası hardadır, təbibi harda?

 

Sevgili vətənim, o nazlı canan

Ay şanlı torpağım, ay Azərbaycan.

Derlər ki, səndədir dərdimə dərman,

Bəs mənim könlümün yarası harda?

Təbibi hardadır, çarası harda?

 

Çəkil, səmamızdan, ey qara duman,

Yetər, bəsdir artıq verdiyin ziyan,

Qıldığın tufandan əl çək, bir usan,

Bəs mənim könlümün həbibi harda?

Çarası hardadır, təbibi harda?

 

Ümidim qırılmaz, diləyim sönməz,

Könlüm sevdiyimdən heç zaman dönməz,

Yetişincə ona könlüm öyünməz,

Bəs mənim könlümün yarası harda?

Təbibi hardadır, çarası harda?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info