Qonaq Kitabı
MƏN AĞLARAM!

Ay görəndə baxmam, gözüm qamaşır,

Ulduz görcək dərdim başımdan aşır,

Coşğun qəlbim coşub, qəmlərim daşır,

Mən ağlaram, çəməndə bülbül ağlar,

Gülşən ağlar, çiçək ağlar, gül ağlar.

 

Ay görəndə üzün düşür xəyala,

Ulduz görcək qərq oluram məlala,

Yetərmiyəm bir də bilməm vüsala?

Mən ağlaram, həm də gözlərim ağlar,

Yazdığım kəlmələr, sözlərim ağlar.

 

Nə dəmli günlərdi, nə şanlı çağlar...

Yadıma düşdükcə qəlbimi dağlar.

Məni ağlar görüb fələk də ağlar,

Mən ağlaram dərdim, ələmim ağlar,

Əlimdə kağızım, qələmim ağlar.

 

Bundan belə çıxmam seyrə, səfaya,

Dözərəm hər zülmə, cövrə, cəfaya,

Dərdimi söyləməm hər binəvaya,

Mən ağlaram, keçən dəmlərim ağlar,

Bütün dərdim, qüssəm, qəmlərim ağlar,

 

Dilərəm tanrıdan çarə bu dərdə,

Gözlərim önündə çəksin bir pərdə,

Başqasın görməyim sən olan yerdə,

Mən ağlaram, məhzun ürəyim ağlar,

Zəhmətim, haq-sayım, əməyim ağlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info