Qonaq Kitabı
Edilsin əldə

Cəbr ilə mümkün olmaz əfkar edilsin əldə!

Eşq olmasa olurmu, bir yar edilsin əldə?

 

Bülbül gülündən ötrü çəkməz sərəncü möhnət,

Ruzü şəb eyləməzsə, xarü cəzanə xidmət,

Sanma, ona bu yolda olsun vüsal qismət!

Xidmətsiz iştə, sanma, bir xar edilsin əldə,

Eşq olmasa, olurmu bir yar edilsin əldə?

 

Dersən, müyəssər olsun yarın sənə vüsalı,

Mehrü məhəbbətindən dil mülkün etmə xali!

Daim çalış, yorulma, xidmətlə bul kəmalı,

Təsirsiz yararmı asar edilsin əldə,

Cəbr ilə mümkün olmaz əfkar edilsin əldə!

 

Qıl xidmətinlə yarı sər ziri pişi-sevda,

Ta başqa bir şey olsun sevda içində peyda,

Heç qəm yemə şəbi-hicr açsa, gər olsa fərda,

Zənnim budur ki, zülfi-dildar edilsin əldə?

Eşq olmasa olurmu bir yar edilsin əldə.

 

Sən yarə gər olarsan canü dil ilə talib,

Gəlməz sənə bu yolda əğyar heç də qalib,

Əğyarə çünki olmuş məkşuf hər mətalib,

Bir öylə yol götür kim, əğyar edilsin əldə,

Cəbr ilə mümkün olmaz əfkar edilsin əldə.

 

Bimari-dərdi-eşqə yoxdur bir özgə çarə,

Xidmət gərəkdir etsin hər ləhzə nazlı yarə!

Pərvanəvar yaxsın Bədri vücudi narə,

Bəlkəm bu dürlü yoxdan bir var edilsin əldə,

Eşq olmasa olurmu bir yar edilsin əldə?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info