Qonaq Kitabı
Müxəmməs (Həsən Səyyara nəzirə)

Bir qaşı kaman bağrımı qan eylədi, getdi...

Qaşı kimi qəddimi kaman eylədi, getdi...

Müjganlarını tiri-sinan eylədi, getdi...

Ol tirə məni-zari nişan eylədi, getdi...

Peykanlarına könlümü kan eylədi, getdi...

 

Eşqində bütün varımı sərf eylədim, ol mah

Bir dəfə məni-zarə nəzər salmadı, ey vah!

Dərdi-dilimə lütf eləyib olmadı agah,

Bir dağ çəkib sinəmə, yandırdı o gümrah,

Daim işimi ahü fəğan eylədi, getdi.

 

Bilməm niyə üşşaqinə ol bir nəzər etməz?

Cövrün kəm edib, rahi-vəfayə güzər etməz!

Ayineyi-dildən niyə dəfi-kədər etməz?

Ahim şərərindən çəkinib, əlhəzər etməz!

Qoydu məni həsrət, nigaran eylədi, getdi!

 

Ta mərkəb nazinə minib bağladı rahi,

Ləşkər kimi tökdü üzünə zülfi-siyahi,

Göstərdi rüxi alını mat eylədi şahi,

Həm şeştəri-heyrətdə qoyub mehr ilə mahi

Həmbazini bitaqətü can eylədi, getdi!

 

Tərk etdi məni, getdisə ol qönçə dəhanım,

Amma, üzülüb getdi onunla yarıcanım!

Yandırdı yanıq könlümü əsrari-nihanım!

Bir zərrə daha qalmadı cismimdə təvanım,

Firqət məni bitabü tavan eylədi, getdi!

 

Oldum elə bir şuxi-sitəmkarə giriftar,

Zülmündən onun zülfi kimi oldu günüm tar

Dərdi dilimə olmadı bir dəfə xəbərdar!

Qoydu məni didarına həsrət o cəfakar,

Göz yaşımı rüxsarə rəvan eylədi, getdi!

 

Düşdüm elə bir dərdə ki, yox dərdimə çarə!

Hey dərdi-ələmdir ki, verib üz məni zarə,

Vurdu yenə bir yarə mənə yar dübarə,

Əsrarını məxfi dedim ol laləüzarə,

Amma, o açıb xəlqə əyan eylədi, getdi!

 

Yandırdı məni atəşi-eşq içrə nigarım,

Yox hicrinə bundan belə könlümdə qərarım,

Bir dağ çəkib sinəmə ol lalə üzarım,

Göstərdi bütün xalqa, budur Bədriyi-zarım!

Axır, məni rüsvayi-cahan eylədi, getdi!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info