Qonaq Kitabı
Təxmis (Nigar xanımdan)

Möhnətzədeyi-zülmü bir irşad edəcək yox,

Bu ölkədə bir ədl evi bünyad edəcək yox,

Ey vah, ki, bir dad alacaq, dad edəcək yox.

“Fəryad ki, fəryadimə imdad edəcək yox,

Əfsus ki, qəmdən məni azad edəcək yox”.

 

Təqdiri-qəzadənmi, özümdənmidir, aya,

Bilməm ki, neçün əqd olunub üqdeyi-məna.

Bir gün gələcək həll olacaqdır bu müəmma.

“Təsiri-məhəbbətlə yıxılmış könül, amma,

Viranə dili bir dəxi abad edəcək yox”.

 

Əqlim uyalı eşqə füzun oldu cünunum,

Göstərmədi bir kərrə yüz iqbali-zəbunum,

Yaxdı oda, yandırdı məni ahi-dərunum,

“Kəs, varsa əlaqən, mənə, ey taleyi-dunum,

Sən var ikən aləmdə məni yad edəcək yox”.

 

Hər bülhəvəs adəm nə qanar rahəti-eşqi,

Zahid nə bilir məsədəti-taəti-eşqi,

Mən ruzi-əzəldən dilərəm hacəti-eşqi,

“Həqq ilə bilir zar könül haləti-eşqi,

Mahirdir o fəndə, onu ustad edəcək yox”.

 

Bir kərrə yüzüm gülmədi, bari, bu cahanda,

Qəm qoymadı rahət məni-zari bu cahanda,

Bədri, de nə gördün, səni tari, bu cahanda?

“Yarəb” nə üçün zar Nigari bu cahanda,

Naşad edəcək varsa da, bir şad edəcək yox”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info