Qonaq Kitabı
Təxmis (Füzulidən)

Əzizim, şişeyi-qəlbi meyi-cəhl ilə doldurma,

Təriqi-elmə salik ol, riyazi-ömrü soldurma,

Sədaqət rahini tut, zöhd ilə dami-riya qurma.

“Könül ta var əlində cami-mey təsbihə əl vurma,

Namaz əhlinə uyma, onlar ilə durma, oturma”.

 

Məhəbbət badəsin nuş eylə, ta keçsin sözün daşdan,

Qələm tut dəstinə məşq al qara gözdən, qara qaşdan,

İtaət rəsmini öyrən, qan olub gözdən axan yaşdan,

“Əyilib səcdəyə salma fərasət tacını başdan,

Vüzudən su səpib rahət yuxusun gözdən uçurma”.

 

Həzər qıl, zahida, bəxti-qəratək məscidə girmə,

Güzərgəh sanma bir karvansaratək məscidə girmə,

Həqiqətpərvər ol, əhli-riyatək məscidə girmə,

“Sakın, pamal olursan, buriyatək məscidə girmə.

Əgər naçar girsən onda mənbər təki çox durma”.

 

Yetər varlıq daşinə öz əlinlə çaldığın tişə,

Çiraği-eşqi söndürdün, eylə zülmətdən əndişə,

Məhəbbət camini sun, sidq ilə ixlas qıl pişə,

“Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,

Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma”.

 

Cahanın vəzü övzaın görüb al dərsi ibrətlər,

Çalış el birliyiylə artır hümmət üstə hümmətlər,

Könüllər məcbəində açma hərdəm lövhi-möhnətlər.

“Camaat izdihamı məscidə salmış küdurətlər,

Küdurət üzrə rəhm et, bir küdurət sən də artırma”.

 

Vəfasız yarlartək hər zaman üşşaqi incitmə,

Salıb zindanə kəndindən ayırma, onu tərk etmə,

Sakın hər cahili alim bilib, yanılma kəc getmə,

“Fəqihi sanma sadiq, vaizin qövlünə fel etmə,

İnamı bilmə adil, ixtiyarin anə tapşırma”.

 

Qülubi-əhli dindir aqibət, Bədri, yatan məhdin,

Fənalıq zəhrini çox məhv edibdir şəkkəri-kəhdin,

Bəqa mülkündə seyr et yar ilə, təcdid qıl əhdin.

“Füzuli, bəhrə verməz taəti-naqis nədir cəhdin?

Kərəm qıl zorəqi-taət surətində həddən aşırma”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info