Qonaq Kitabı
Təxmis (Füzulidən)

Aşiqi-qəmzədəyəm, olmuş işim nalə mənim,

Nalə qıldıqca da artar qəmü dərdü məhənim,

Nalədir ney kimi hər bəzmdə, hər dəm süxənim,

“Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm kəfənim”.

 

Könül, əğyarə uyub, yardən olma qafil,

Aqibət vəslün olur yarın əliylə hasil,

Yar təklifi əgər olsa da əmri-hail,

“Canı canan diləmiş, verməmək olmaz, ey dil!

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim”.

 

Aşiqəm, doymaram ənduhü-bəla zövqündən!

Nə nəsihət eşidim fövqlərin fövqündən?

Çəkmərəm boynumu zənciri-cünun tövqündən!

“Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən,

Nola zənbur evinə bənzəsə beytül-həzənim”.

 

Məhvəşim, nari-fəraqin nə böyük nemətdir!

İnciməm, ruzi-əzəldən mənə, çün, qismətdir!

Yardən yetsə bəla, aşiqə pürqiymətdir.

“Tövqi zənciri-cünun daireyi-dövlətdir,

Nə rəva kim, məni ondan çıxara zəfi-tənim”.

 

Bəxt yar olsa düşər guyi-nigarə güzərim,

Verərəm itlərinə, nəzrdi, parə cigərim,

Bu təmənna ilə daim tökülər əşki-tərim,

“Eşq sərgəştəsiyəm seyli-sirişk içrə yerim,

Bir hübabəm ki, həvadən doludur pirəhənim”.

 

 Durmuşam böylə ki, hər bir yoxü varım sənsən!

Öləsəm, məqbəreyi-səngi-məzarım sənsən!

Harda olsam da, fəqət, nazlı nigarım sənsən!

“Bülbüli-ğəmzədəyəm, bağü-baharım sənsən,

Dəhənü qəddü rüxün ğönçəvü sərvü səmənim”.

 

Almaram kuşinə heç bir sözünü əğyarın,

Duymuşam hiyləsini, fikrini ol biarın,

Çıxamaz eşqi sərimdən o pəri-rüxsarın,

“Edəmən tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info