Qonaq Kitabı
TƏRKİBƏND

Tök sağərə ən köhnəsini badeyi-nabın,

Ey saqi, görək himmətini biz də şərabın!

Qaldıq nə yaman günlərə, ey vah... bəradər,

Dərguş edərək hər sözün hər xanəxərabın.

Canpərvər olan kəslərə nifrət elə, ey dil,

Olmaz əsəri, sövti sınıqdır bu rübabın.

Bilcümlə, bütün qərb oxumuş elmi-həyati,

Biz bilməyiriz indi də ismin bu kitabın.

Qəflət yuxusunda uyumuşsan, daha bəsdir,

Dur tap izini axtarıban rahi-səvabın!

Yazıq bizə, kim, cümləmiz amadeyi-məhviz,

Ab üstə duran qübbəsi tək zibi-hübabın.

Oldu, nə qədər cövrü cəfa eylədik adət,

Şərbət kimi çəkdik başa hər təlxin əzabın.

Aç dideyi-ibrət, elə ətrafı tamaşa,

Gör xəlqi, necə, seyr edir, üstündə səhabın.

 

Yetdi hamı silkin, hərə bir mənzilə, həqqa!

Tək bircə bu vadidə qalanlar bizik amma!

 

Yatmışlar edərlər necə bidar ilə söhbət?

Nasıl, büxəla şəxs səxilə edər ülfət?

Səhhətbədənan ilə əlilan bir olurmu?

Möhnətzədəganda umulurmu ola behcət?

Pirani-cahandidə bərabər tutulurmu -

Ol tiflə ki, hala edə bazicəyə himmət?

Səng ilə səbu sazişi mümkün sayılırmı,

Haşa olamaz nura müqabil ola zülmət.

Dünyayə gələn, sanma, birər əmri-xətadır!

Boş-boş olamaz bunca əvalim belə xilqət.

Tutmuş gözünü xabi-cəhalət, bir ayıl, gör!

Məqsudə yetişməkçin, əzizim, elə xidmət.

Cəhlin meyinə uyma ki, əncamı yamandır,

İçdikcə fəlakətdir, əziyyətdir, əziyyət!

Minayi-meyi-elmü kəmalat ilə məst ol,

Tain ki, sənə kəşf ola əsrari-məhəbbət.

Bir bunca nifaqə dilü can ilə çalışdın,

Hasil sənə nə oldu, bumu mayeyi-zillət?

 

Səy eylə, qutar kəndini bu cayi-xətərdən,

Bir hissə alıb da həzər et ahi-səhərdən,

 

Şəmi-ədəb ilə keçərək bu yolu çoxdan,

Çatdı hamı sərmənzili-məqsudinə ixvan.

Bu vadiyi-vəhşətdən işıqsız ki, keçilməz,

Bir dəfə qəbul et bunu, qıl sidq ilə iman.

Asudə olum dersən əgər elmü ədəblə,

Tənvirə çalış sən də güzərgahını hər an.

Bir böylə xətərnak məkanda nədir uyğu?

Axırda olursan, həzər et, tömeyi-gürgan.

Bir vaxt oyanırsan ki, gedib qafilə yeksər,

Qalmışsan özün, bir də, haman bərrü biyaban

Fərz et ki, səlamət qutarıb bir yerə yetdin,

Heç yerdə nə yer yox sənə, heç yerdə nə saman!

Hər kəs yetişib mənzili-məqsudə, fəqət sən,

Həp, ruhi zəbun, gərdəni gəc, hali pərişan!

Bir fikir elə öz karının əncamını, ey dil!

Sonra olamaz faidə, olsan da peşiman!

Söz vaxtı keçibdir, yetişib fel zamanı.

Hər kəs çalışır himmət ilə, səy ilə əlan,

 

Səy eylə, çalış, elm çirağın elə rövşən,

Şayəd, keçəsən sən də bu vəhşət yolun iymən.

 

Sən nur ilə zülmati bərabərmi sanırsan?!

Elm öyrənən əşxası mükəddərmi sanırsan?!

Elm əhlidir aləmlərə rövnəq verən ancaq,

Cahil olanı mərdi-hünərvərmi sanırsan?!

Nadan ilə mümkünmü kamal əhli bir olsun?

Hər sədrnişinanı mütəhhərmi sanırsan?!

Hər validə bəslər çocuq əmma mütəfavüt,

Hər acizəyi, doğrusu, madərmi sanırsan?!

Birdirmi məşamə qoxusu müşk ilə pəşkin?

Hər ənbərə bənzər şeyi ənbərmi sanırsan?!

Kim düşsə qabağə dalısınca gedəcəksən?

Ey sadədil, hər bir kəsi rəhbərmi sanırsan?

Aldanma libasə, sözə bax... Sahibi-fikr ol!

Hər bir lotunu sahibi-minbərmi sanırsan?!

Guş eyləmə hər bir süxəni, əqlinə sənc et!

Hər bir sözü şər içrə müqərrərmi sanırsan?!

Yox şərdə ol söz ki, bizi eyləyə zaye,

Bərəks bilib, yoxsa ki, eylərmi sanırsan?!

 

Get elm oxu, öyrən, ola hər hansı müyəssər,

Gər olmuş ola Çində də, əmr etdi pəyəmbər.

 

Elm əhli tapıb həqqi olur məqsədə nail,

Məfruqi-cəhalətdir o kəs, kim, ola cahil

Hər kimsəyi xalis edəmüb buteyi-məktəb,

Ol vəqt məhəkdə keçəcəkdir işə nasil.

 

lm ilə yetib rütbəyi-əlayə həm əqran,

Biz, gör nə səfalətdə… Rəzalətdə… Nə sana!

Bunlar o sözün meyvəsidir şər sanırdın,

İnkar edəməz həqq sözü heç arifü kamil.

Düzgi edərək elminə  əfalını hər kəs,

Hər vaxt ola əlbəttə ki, öz elminə amil,

Axtardığını cəhd ilə axır tapacaqdır,

Çox çəksə də, billah, olacaqdır  ona vasil!

“Mən cəddü vəcəd” hökmi-şərifi göz önündə,

“Səy” ayəyi-vafisi həmin hikməti şamil.

İxvanə məhəbbətmi, ədavətmi səzavar?

Olma, daha bəsdir, özün ol nəfsinə qatil!

Ləhvü ləəbi tulla, get ol elmə xiridar,

Qılma daha ləhvü ləəbə nəfsini nail.

 

Hümmət dəmidir səy elə, qıl məktəbə xidmət,

Çün hər kəsi məktəbdir edən hasili-nemət

 

Sabitqədəm ol şərdə, get şər ilə rahı,

Zənnimcə, deyil, boş bu əvamir bu nəvahı,

Zülm eyləyəsən bir kəsə, vallahi, yəqin et,

Axır tutacaqdır səni məzlumlar ahı.

Öz qıldığın əfalə şəhadət verəcəkdir,

Əzayi-cəvareh nə qədər varsa, kəmahı!

Ya at da müsəlmanlığı, ya, zülmünü rəf et!

Məmzuc olunur, sanma, sifid ilə siyahı.

Aldanma zərü zurə, sakın, müftəxor olma,

Məğlub olub hər vəxtdə ərbabi-mübahı.

Bir kökdən edib nəşvü nüma şazeyi-məxluq,

Birdir nəzəri-həqqdə dərvişiyü şahı.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info