Qonaq Kitabı
Mərizi-dərdi-eşqəm, ey təbibim, bir pənahım yox

Mərizi-dərdi-eşqəm, ey təbibim, bir pənahım yox,

Tərəhhüm qıl, əlac et, səndən özgə dadixahim yox,

 

Nəzərdən salmısan, cana, nədir bir söylə təqsirim!

Mənim ancaq ki, eşqindən səva heç bir günahım yox.

 

Dedin fəryadü ahın tərk qıl, mən canı tərk etdim,

Nədir bəs indi fərmanın, nə fəryadım, nə ahım yox.

 

Könül mülkündə ən şövkətli bir sultanlığım var,

Əsirəm, indi nə təxtim, nə tacım, nə səpahım yox.

 

Qara zülfü qara bəxtimə, Bədri, Dəstrəs olmaz!

Yəqinimdir mənim, bu haqda heç bir iştibahım yox.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info