Qonaq Kitabı
Dün gecə mən səni, ey afəti-dövran yuxuda

Dün gecə mən səni, ey afəti-dövran yuxuda

Gördüm, etdin mənə yüz lütfi-fəravan yuxuda.

 

Öpmüşəm ləlini, lazımdır içilsin qanım,

Yox qisası edə kərçi birisi qan yuxuda.

 

Ləblərindən içəcək xəstə könül abi-həyat,

Anlayıb çün dəhənin sirrini, pünhan yuxuda.

 

Vəsl cəmiyyəti məqdur olur, ümmid edirəm,

Görmüşəm çün o qara zülfü pərişan yuxuda.

 

Yar vəslin görüb, ey dil, niyə bidar oldun?

Olmalıydın o pəriçöhrəyə qurban yuxuda.

 

Bədriya, gözlə ədalət ki, o şahlar şahı,

Bir gədatək ki, səni eylədi sultan yuxuda.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info