Qonaq Kitabı
Badi-səba, yetir mənə cananədən xəbər

Badi-səba, yetir mənə cananədən xəbər,

Sərrafi-eşqə tez ver o dürdanədən xəbər.

 

Çox sadədir könül quşu, gördükdə aldanır,

Sal başə damdən onu, ver danədən xəbər.

 

Neyçin qalıb, yolunda, yorulsun bu gözlərim,

Neyçin gərək, alam səni biganədən xəbər?

 

Çoxdan çıxıb, könül gəzir ardınca çölləri,

Nə səndən indi var, nə o divanədən xəbər.

 

Zülfi-nigarı, Bədri, əgər bilmək istəsən,

Badi-səbadan al onu, ya şanədən xəbər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info