Qonaq Kitabı
Görsəm rəqibi həmdəm olubdur o mah ilə

Görsəm rəqibi həmdəm olubdur o mah ilə,

Aləmləri yıxıb-yaxaram bircə ah ilə.

 

Əl çək, rəqib, yetməz əlin yar kuyinə,

Görmüş gədanı kim ola həmbəzm şah ilə?

 

Bir yarə vurdu sinəmə çeşmi-xumari-yar,

Aldı bəlalı könlümü süzgün nikah ilə.

 

Əbrulərindən eyləsələr qətlimi sual,

Sabit olur bu əmr, iki adil güvah ilə.

 

Mehrabə oxşadan qaşını səhvi-məhz edir,

Var fərqi xeyli, qaşlarının qibləgah ilə.

 

Göstərdi saldı damə o simintən, aldadıb,

Könlüm quşunu daneyi-xali-siyah ilə.

 

Bədri, nəsib olur sənə axır vüsali-yar,

Səbr et, keçirmə günlərini ahü vah ilə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info