Qonaq Kitabı
A DAĞLAR, QALAYIN QARI SİNƏMƏ

A dağlar, qalayın qarı sinəmə,

Bir nəğmə bağlayın barı sinəmə,

Gətirib söykəyin tarı sinəmə,

Bir dəli “heyratı” istəyirəm mən.

 

Çətin sərhədlərdən yol açmaq üçün,

Təbriz toylarında qol açmaq üçün,

Dünyanı nəğməylə dolaşmaq üçün

Bozatı, Qıratı istəyirəm mən.

 

Nə qədər məhəbbət bitirib ömür,

Dünyadan nə görüb, götürüb ömür,

Ana laylasını itirib ömür,

Bir kövrək bayatı istəyirəm mən.

 

Yaratmaq gəncliyin bir həvəsimi,

Bir baxış sevginin bünövrəsimi,

Yığın nağılların tər-təzəsini,

Qədimdən boyatı istəyirəm mən.

 

Əlim çatmadımı, demərəm, əyil,

Çatar köməyimə gör neçə ay, il...

Bir qız gözlərində bir qızı deyil

Dünyanı, həyatı istəyirəm mən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info