Qonaq Kitabı
BƏLKƏ GƏLƏN OLDU...

...Vaqonlarda sıxıla-sıxıla

                 gəldim şəhərə,

Heç kəsə toxunmayım deyə

                 divarlara sıxıla-sıxıla yeridim.

Düz sözümü yavaş dedim,

Yalanı elə bağırdılar ki,

                 həyama sıxılıb kiridim.

Qapı gözlüyündən baxıb

                 qapıya çıxmadı qohumlar,

Əlimi boş görüb

                əlimi sıxmadı qohumlar.

 

Kəndə gələndə

               ayaqları altına

                        qoç yıxdığımız,

Ayağımın altına

              bir palaz da

                        yıxmadı qohumlar.

 

Nəfəslərini qısdılar

              qapıların o üzündə,

Bir kölgə görünüb çəkiidi

             qapıların şüşə gözündə.

Neçə adı dəfi elədim

             arzular doğulan ürəyimdə,

Zəhmətin dadını gördüm

             özüm qazandığım

                       suyumda, çörəyimdə...

Gülərüzlü bir tale

             düşmüşdü qabağıma;

Bir tikə çörəklə,

             bir qurtum suyla,

Boş ciblə,

             ürək dolusu arzuyla

Yüyürdüm sabahıma...

İndi məni görəndə

            əlimi sıxan qohumlar,

Təzə tapılan “doğmalar”

            yerdən çıxan qohumlar.

Köhnə ünvanlarda

            yeni açılan qapılar,

Aramızdan divartək.

            sökülən, uçulan qapılar,

Gərək deyilsiz mənə.

Sizdən qəmli bir xatirə qaldı...

Amandır,

            örtülməyin yenə,

Bəlkə kənddən gələn oldu...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info