Qonaq Kitabı
YORĞUNLUQ

Qulaqlarımda təyyarə səsi,

Gözlərimdə qəm kölgəsi,

Yuxularım

              oyaq gözlərimdən

              tavana uzanan yol...

“Neftçi”nin nə vaxtsa

              özgə meydançasında

              vurduğı qol.

Küləyin açıq pəncərədən

             otağıma doldurduğu toz,

Hər yan bomboz.

 

Beynim fikir cənazəsi,

Köhnə qəzet qalağı,

Günlər qaraqabaq

          ömür-gün qonağı...

Siqaret tüstüsünün

          bir otaqlıq buludu,

Nə seyrəlməyində

          günəş ümidi.

Nə sıxlığında yağış.

Döşəmə dərə kimi çöküb,

Sağım, solum yoxuş...

 

Soyuq divarlarda

          qar uçqunu qorxusıu ,

Barmaqlarımda,

          dodaqlarımda

          tütün qoxusu;

Saat beşdəki görüşə

         getməmək həvəsi,

Sabah telefonda

        incimiş qız səsi,

Soyuq bəhanələrin

        buz səsi.

Sonra telefon zənginin

        yeknəsəq, yalqız səni...

Tənhalığın

        kirəc bağlamış

        saralmış dişləri,

Barmaqlarımın

        saçlarımda açdığı

         xış yeri...

Və hərdən

          dodaqlarımın

          işsizlikdən pıçıldadığı;

“Dünyanın belə-belə işləri...”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info