Qonaq Kitabı
ÇANAQLl BAĞA

Hər sinə altında bir fəhlə ürək,

Bəzən od qəzəbi soyuda bilmir.

İnsan “çanağından” çıxmasın gərək,

Sonra bəyənsə də qayıda bilmir.

 

Bir sakit yol gedir bostandan bağa,

Daşlar ayaq tutub yeriyir sanki.

Belə tərpənişlə,

                      çanaqlı bağa

Sən hansı arzuna çatmalısan ki?!

 

Mənzilin biçilib boyuna görə,

Qorxulu deyil ki, zirehli döyüş?

Çanağını dəyiş ildə yüz kərə,

Nə növbə lazımdır,

Nə də arayış...

 

Gəz çanaq içində...

                    indi kefındi,

Qayğıdan uzaqsan,

                    daha nə qəmin?

Neçə ki, dirisən -

                    çanaq evindi,

Öləndə tabutun olacaq sənin.

 

Naz-nemət içində batıb, boğulan,

Nə qədər ədalı çağalar gördüm.

Çanağı özündən əvvəl doğulan

Qəribə çanaqlı bağalar gördüm.

 

İlk görüş yerində əsdi dodağım,

Baxıb ayağıma,

                    könül vermədi.

Cırıq başmağımdan çıxan barmağım

Nə qədər çalışdım qına girmədi...

 

Kef-damaq içində maşını qovan,

Daş bilib üstündən adlayacaqdır.

Sevincdən çiçəyi çıtlayan cavan

Qəmli çanağını çatladacaqdır.

 

... Ceviz balaların qaldı bir ətək,

Qanınla boyadı təkər küçəni.

Dəyişik alınmış ayaqqabıtək

De, indi çanağın sıxmır ki, səni?!

 

Nə yurdunu dəyiş,

Nə də rəngini,

Bağlan, süründüyün ana torpağa.

Ancaq üzüdönük dostlarım kimi,

Qınına çəkilmə, çanaqlı bağa!...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info