Qonaq Kitabı
ÖZGƏLƏR QAPISINDA

“Qoy bizim xoruzumuz özgənin

qapısında banlasın...”

üzüdönüklər haqqında

uydurulmuş təsəlli.

 

(Hələlik birinci təmsilimdir,

bəlkə də axırıncı oldu).

 

Xoruzumuz banladı

           özgələr qapısında,

Səhərin gəlişini

           özgələrə dedi o.

Hər axşam eşələndi

           yadın kül topasında,

Ancaq bizim buğdanı,

           bizim dəni yedi o.

 

Qapısından qovmadı

           yadlar bizim xoruzu,

Xoruzsuz yumurtadan

           cücə çıxmaz dedilər.

Qapımızda darıxdı

           çil toyuğun on “qızı”,

Sarı fərəni qoyub

          bizə baxmaz dedilər...

 

Xoruz olmayan hinin

         daşı, divarı soyuq,

Qısılıb bir-birinə

        cücələr titrəyirdi.

Qanadını dizinə

        hey döyürdü çil toyuq,

Ay mənim bəxtiqara

         cücələrim, deyirdi.

Özgənin çəpərində

          zilə çəkib səsini,

Çırparaq qanadını

           banladı xoruzumuz.

Hinimizdə çil toyuq

           qısaraq nəfəsini

Gözüyolda qalmışdı,

          qanmadı xoruzumuz.

 

Səhər, günorta, axşam...

         gecikmədi ban verdi,

Sarı lümək fərəyə

         həyat verdi, qan verdi,

Qapımızda çil toyuq

          xoruz deyə, can verdi,

Bir dəfə də heç onu

           anmadı xoruzumuz.

 

Qapımızda təzə dən,

          bozdar üçün yal vardı,

Xoruz üçün fərələr,

         qazlar üçün göl vardı,

Hininə qayıt deyib,

         cücələr çox yalvardı,

Yenə də cücələri

         danladı xoruzumuz.

 

Tutub gətirdik evə,

         heç eyni açılmadı,

Ayağını bağladıq,

        bir gecə qaçammadı.

 

Bu dönüklük nədəndir,

         nədən, baş açammadıq,

Səhər sarı fərəni

         yanladı xoruzumuz…

... Yenə çıxıb çəpərə

         banlayır harın-harın,

Qoy banlasın hələ ki,

          yaxşı səsi, ünü var.

Özgələr qapısında

         banlayan xoruzların,

Özgələr tavasında

         bişəcəyi günü var...

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info