Qonaq Kitabı
SEYİD ƏHMƏD

İlanı Seyid Əhməd əli ilə tutarlar.

                                      Xalq məsəli.

 

İlanlar öyrəndi əlinə sənin,

Sevgiylə dolandı belinə sənin,

Nə dedin,

Sözünə baxdı ilanlar.

Dilinlə yuvadan çıxdı ilanlar.

Sancmağa o qədər adam var idi,

O qədər minüzlü nadan var idi,

Zəhəri dişinə sıxanlar vardı,

Qurulu evləri yıxanlar vardı,

Ağlayana gülüb baxanlar vardı,

Təkcə ilanlardan qorxanlar vardı...

Sənin əfsununla uddular onlar,

İlanı əlinlə tutdular onlar.

Min cürə hiyləyə, yalana uyub,

Sən ikiayaqlı ilanı qoyub

Sürünən ilanı tutduğun yerdə

Əlin quruyaydı, ay Seyid Əhməd!

 

Bu ilan tək sənə can-can deyir ki,

Dəyməsən bu ilan sancan deyil ki,

Bir dar yuvası var boyuna görə,

Sən şiri öldürmə qoyuna görə!...

Qızıldan bahadır zəhəri onun,

Min dərdə davadır zəhəri onun...

Yanında qıvrılan adamlara bax,

Həsəddən qovrulan adamlara bax,

Pislikdən yoğrulan adamlara bax,

İlantək doğulan adamlara bax!

Yoldan çıxarıblar əlini sənin,

Qurban verərdilər övladlarını

Tuta bilsəydilər yerini sənin...

 

Min cürə hiyləyə, yalana uyub,

Sən ikiayaqlı ilanı qoyub

Sürünən ilanı tutduğun yerdə

Əlin quruyaydı, ay Seyid Əhməd! 

 

Nə olsun ilanlar haçadillidir,

 Haçadillilərdən qaça bildimi?

Qanad verdiklərin uça bildimi?

Torpaqda sürünür, ay Seyid Əhməd!

 

Yaltağın hərzəsi cibində gəzir,

Kiminin ərzəsi cibində gəzir,

İlanın gürzəsi cibində gəzir,

Quyruğu görünür, ay Seyid Əhməd!

 

Yaxşını gizlədib pislik qıyanlar,

Bülbülü yolanlar, ilansoyanlar,

İlantək min dəfə qabıq qoyarılar

İpəyə bürünür, ay Seyid Əhməd!

 

Yandım, öz oduma alışdım, qardaş,

Məni çalanlarla tanışdım, qardaş,

İlanlan o qədər danışdım, qardaş,

Eh yerin görünür, ay Seyid Əhməd!...

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info