Qonaq Kitabı
VAR Kİ

Zaman – vaxtın axını,

Uzaq etmə yaxını,

Görmədiyi yuxunu

O qədər yozan var ki!

 

Qoç bilib quzusunu,

Gizlədib ruzusunu,

Özgənin yazısını

O qədər pozan var ki!

 

Ümid – uzaq bir çıraq,

Ömür yazın bir varaq.

Ayağın altına bax,

O qədər qazan var ki!

 

Kaman saxlamır oxu,

Çiçək gözündə qorxu.

Güllər neyləsin axı,

O qədər üzən var ki!

 

Sən saxla gözünü tox,

Sındırma özünü çox.

Aclığa dözümün yox,

O qədər dözən var ki!

 

Şeytan bicliyi pulda,

Dovşan qorxusu kolda,

Əzbər bildiyi yolda

O qədər azan var ki!

 

Ağlama için-için,

Ayrıl içindən köçün.

Həqiqət gəzən üçün

O qədər düzən var ki!..



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info