Qonaq Kitabı
ALNINDAN ÖPDÜKLƏRİM

... Həyətdəki sevincimdən

    çağırdılar məni

           qaşqabaqlı adamlar,

“Yatmış” əmimin

          yanına gətirdilər,

- Alnından öp, - dedilər...

 

Sarı bir soyuqluğa

              toxundu dodaqlarım;

Sonra yarımçıq sevincimə

             tələsdi ayaqlarım...

Hər axşam qaralan günün

             alnından öpdü gözlərim,

Alnından öpdüklərim

              bir də dönmədi geri...

 

Gözlərində yaş,

            ürəyində qəm,

Bir səhər

            bazara gedən inəyimizin

       alnından öpdü nənəm;

O gündən

           badyamızda köpüklənmədi süd,

qapımızda görünmədi Çiçək,

Deyəsən bazara gedəndə

        badyamızın alnından

     öpmüşdü inək...

Ümidi bağladıq

             qapımızdakı çatımıza,

On il sonra

           aldığımız inəyi də

Gözləri dolmuş bir qarı

             alnından öpüb satdı bizə.

 * * *

Bir gün babamın alnından öpdük,

               əvvəl nənəm, sonra mən;

Bir gün də nənəmin alnından öpdük,

               əvvəl anam, sonra mən;

Sonra anamın alnından öpdük,

               əvvəl ölüm, sonra mən...

 * * *

Yoluma çıxan yaxşıların

           gözündən öpdüm,

Təsəlli dolu

            sözündən öpdüm.

Yamanların alnına baxa-baxa

            qaldı gözlərim,

Ürəyimdə yuxuladı

            alnından öpdüyüm sözlərim...

***

Alından öpməyə qorxuram,

Əllərindən öpürəm

           oğlunun alnından öpmüş  məktubu

     qoynunda gəzdirən anaların,

Üzündən öpürəm,

            ayaqları məktəb pillələrini

    öpən balaların,

 Dodaqlarından öpürəm

           ürəyə yaxınların...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info