Qonaq Kitabı
TANIYA BİLMƏDİM

Tanıdım, dünyanın hər üzünü mən,

Qorxaq gecəsini, gündüzünü mən,

Seçdim incisini, ilbizini mən,

Özümü tanıya bilmədim, anam.

 

Alnıma yazılan taleyi gördüm,

Başımda fırlanan ələyi gördüm,

Mənə bic-bic baxan kələyi gördüm,

Gözümü tanıya bilmədim, anam.

 

Neçə yatmışları oyatdı sözüm,

Hər kolu çinara tay tutdu sözüm,

Bəzənib üstümə qayıtdı sözüm.

Sözümü tanıya bilmədim, anam.

 

Yersizi saxladım gözümün üstə,

Çoxuna yer verdim dizimin üstə,

O qədər iz düşdü izimin üstə

İzimi tanıya bilmədim, anam.

Kədərə sirdaşdı, tanışdı gözüm,

Mən susdum,

               sözümü danışdı gözüm,

Minüzlü görməyə alışdı gözüm,

Üzümü tanıya bilmədim, anam!...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info