Qonaq Kitabı
DAYAN, BAHAR ÇAĞIM

Günlərim xatirə evinə köçür.

Günlərim ömrümü su kimi içir,

Əriyir gözümün şəkil yaddaşı,

Qəlhimdə bir sevda ağrısı qalır.

Qarşıma çıxanlar hər addımbaşı

Qayğıya çevrilib qəlbimə dolur.

Gülən səhərlərin qəmli axşamı

Yenə şam yandırır məzar başında.

Dünyaya qonaqtək gələn insanın

Doğumu, ölümü məzar daşında.

Çəmən yaşılını, çiçək sehrini

Daşlar ki, köksündə yaşada bilmir.

Daşa ömür verib yaşadan insan

Adi bir daş qədər yaşaya bilmir.

Dəyişə-dəyişə fəsillər ötür.

Dəyişə-dəyişə nəsillər ötür.

Hər yaşıl yarpağın sonu xəzəlsə,

Elə bu dünyada bahar gözəlsə,

Dayan, bahar çağım, qışa tələsmə!

Yuxumuz ölümün məşq saatıdır,

Hər gecə gündüzün nəqaratıdır.

Bəlkə bır nəğmə də bəs idi bizə,

Son səda olardı "Qu" ömrümüzə.

Bu qədər həsrətli nəğmələr ötüb

Sükutla ölməyin nə mənası var?

Köhnə qəbirlərdən təzə ot bitib,

Otun da yaşamaq təmənnası var!

İçib buludların göz yaşlarını

Hələ ki, böyüyür qışdan xəbərsiz

Beləcə böyükdür bir zaman biz də

Bizimlə yatacaq daşdan xəbərsiz...

Boyumuz qədərsə torpaq payımız,

Niyə sərhəd-sərhəd böldük dünyanı?

Necə görmüşdüsə əcdadlarımız

Biz də onlar kimi gördük dünyanı.

Günəş həmin günəş,

Ay həmin aydır,

Həmin adamlarıq, gəlmişik yenə.

Verdiyi ömrünü alandan sonra

Daha nə verəcək bu dünya mənə,

Dayan, bahar çağım, qışa tələsmə!

Bilirəm zamanı saxlamaq olmur,

Saatlar günləri doğrayır, biçir.

Qızara-qızara gələn günəşin

Azalan odunun ağrıları da

Bəlkə dan üzünün içindən keçir?!

Dünyada əbədi nə qalır görən,

Biz ki, əbədiyyat yolçularıyıq.

Günlər durna kimi ötüşür gedir.

Zaman sürətinə çatmaq olmursa.

Deməli, müqəvva ovçularıyıq!

O qədər borcum var ana torpağa,

Borcluyam dərdiyim çiçəyə, gülə.

Məhəbbət borcumu demirəm hələ,

Borcluyam dərdiyim çiçəyə, gülə.

Ağaca borcluyam, daşa borcluyam,

Bir könül nəğməsi eşitmək üçün

Qəfəsə saldığım quşa borcluyaın!

Pislərə nifrəti öyrədən dünya,

Zamanı şam kimi əridən dünya,

Daha nə verəcək, nə verəcəksən?

Borcluqdan çıxmağa möhlət ver mənə,

Doyunca baxmağa möhlət ver mənə.

Qarşımda bu qədər dağ yaradıbsan

Zirvəyə çaxmağa möhlət ver mənə!...

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info