Qonaq Kitabı
DƏLİ BİR AĞLAMAQ KEÇİR KÖNLÜMDƏN...

Yüyürüb, yüyürüb dərə boyunca

Düşüm çəmən üstə qoy, üzüqoylu,

Öpüm bu torpağı,

                     öpüm doyunca;

Üzümə üz qoysun hər soyuq daşı,

Qoy şehə qarışsın gözümün yaşı...

Qurumuş bulaqlar içir könlümdən,

Dəli bir ağlamaq keçir könlümdən.

 

Könlünə dəydiyim,

                       incitdiyim qız,

Vüqar kölkəsində yatdığım bəsdir,

Odlu yanağından su içdiyim qız,

Bu qədər günaha batdığım bəsdir.

Daha dodaqların titrəməsin qoy,

Mən sənin qarşında titrəyim, əsim,

Səndən dünyaları istəmirəm, yox,

Məni bağışlasan bəsimdir, bəsim,

Yan desən,

Alışıb yana bilərəm.

Don desən,

Yerimdə dona bilərəm!

İndi bilmişəm ki, ömür-gün gedir,

Ən gözəl hisslərim köçür könlümdən,

Qayıt!

Sən ömrümə təzəlik gətir;

Dəli bir ağlamaq keçir könlümdən.

 

Çoxdan qəbiristana düşməyir yolum,

O tənha məzarı ot basıb bəlkə.

Mənim soyuqluğum, laqeydliyim

Onun sinəsinə od basıb bəlkə.

Bir daş var gözümün yaşına həsrət,

Dayanıb o giley heykəli kimi.

Əlim torpağına, daşına həsrət,

Yıxılıb üstünə mən dəli kimi

                         ağlayam gərək.

O tənha məzarı torpaqdan üzüb

Ovcumun içində saxlayam gərək.

Şöhrətin üstünə yüyürdükcə mən

İstəklər, arzular köçür könlümdən.

Sevgi dumanına büründükcə mən,

Dəli bir ağlamaq keçir könlümdən.

 

Küləklər oynayır kənd evimizdə,

Tale baş götürüb apardı məni.

Hörümçək tor qurub pəncərəmizdə,

Həsrətim çırpınır o torda mənim.

Yarasa boylanır uçuq tavandan,

Bükülmüş dirəklər çat-çat olubdur.

Qorxudan divarın bağrı yarılıb.

Qapılar çoxalıb dördqat olubdur.

Gedim divarına yalvarım onun,

Gedim, qapıların qatı açılsın.

Gedim mən sonuncu dirəyi olum,

Tavanlar çiynimə barı uçulsun...

Daşı daş üstünə qovum təzədən,

Dəlisov küləklər əsır könlümdə!

Elə kövrəlmişəm,

Bilmirəm nədən

Dəli bir ağlamaq keçir könlümdən.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info