Qonaq Kitabı
Dolanım başına

Ey üzü gül, arizi gülşən, dolanım başına.

Qəddi nəxli-vadiyi-eymən[i], dolanım başına.

Çeşmi cadu, kirpiyi peykan, qaşı qövsi-qüzeh,

Saçı sünbül, zülfləri susən, dolanım başına.

Yanmasın əğyardən heç kimsə şəmi-hüsninə,

Ta ki, pərvanə sifət bir mən dolanım başına.

Olmadı heç dilbərə könlüm sənin tək mübtəla,

Canıma odlar salan sənsən, dolanım başına.

Mürği-dil olmuş əsiri-daneyi-xalin, salıb

Gülşəni-canım əra şivən, dolanım başına.

Heç yana etməz güzər, heç gülşənə salmaz nəzər,

Çün tutub zülfün xəmin məskən, dolanım başına.

Bülbüli-biçarə çəkdi hər zaman yüz min cəfa,

Dönmədi heç növ ilə güldən, dolanım başına.

Hər tərəf açmış, gülüm, əbru-kəmanın oxları,

Təngnayi[ii]-sinəmə rövzən,[iii] dolanım başına.

Sən ki, seyri-cuyibar[iv] eylərmisən ey sərvi-naz,

Bəhri-çeşmin seyrinə gəlsən, dolanım başına.

Söyləyibsən dönmədi şəmi-qədim ətrafına,

Neyləyim, sən bir zaman əylən, dolanım başına.

Bəzm əra qıl bir işarə, xəlqdən pünhan mənə,

Ta durub pərvanə tək birdən dolanım başına.

Könlün aydırsa[v] əgər, aşıq sənə qurban ola,

Səkrəqibi[vi] bəzmdən qov sən, dolanım başına.

Var sənin eşqində yüz sərf eyləyən ömrün, vəli

Yox mənim tək suxtə-xərmən[vii], dolanım başına.

Çünki var aşiqlərə lütfi-nəhanın, ey cavan,

Bəndəni də həm dəxi sevsən, dolanım başına.

Dərdin allam dilbərim, divanım et əğyarilən,

O dolansın başına, ya mən dolanım başına.

Dinməməzlikdən sənin bir müddəan vardır məgər?

Çatladı bağrım mənim, dillən, dolanım başına.

Ver cavabım, kəs başım, tut izzətim, xar eyləmə,

Qoyma ki, gülsün mənə düşmən, dolanım başına.

Yar, nə layiqdir sənə salmaq nəzərdən aşiqi,

Gər qəzəbnak olmusan, döy sən, dolanım başına.

Ey gözəl! Yoxdur mənim tək qəddüvə dilbaxtə,[viii]

Qədrimi mən bikəsin bilsən, dolanım başına.

Mən düşüm səhralara Məcnun sifət, şuridəvar,[ix]

Qıl tamaşa halına, gül sən, dolanım başına.

Qorxmasan heç bəndədən, xof etməsən heç kimsədən,

Sən də öz yanında bir bəysən, dolanım başına.

Görmədim mehrü vəfanı ömrdə hərgiz pəri,

Qovmdən, biganədən, eldən dolanım başına.

Onçi[x] könlün istədi cövrü-sitəm etdin mənə,

Şuri-eşqin getmədi sərdən, dolanım başına.

Nasehi-bihüdəgu,[xi] pəndin[xii] mənə sud[xiii] eyləməz,

Çün inani-dil gedib əldən, dolanım başına.

Könlüm atəşxanədir, pənd ilə eylə gərm[xiv] onu,

Rəsmdir o güclənər yeldən, dolanım başına.

Öylə məmlüv[xv] oldu can mülki onun eşqilə kim,

Xali yer yox bir səri-suzən,[xvi] dolanım başına.

Nitqi-Heyran, yar hicranında bəs kim dad edib,

Lal olub, axir düşüb dildən, dolanım başına.



[i] Nəxli-vadiyi-eymən – Səadət səhrasında bitən xurma ağacı.

[ii] Tənginay – Darısqal.

[iii] Rövzən – Pəncərə.

[iv] Ciyibar – Axar sulardan əmələ gəlmiş çay.

[v] Aydırsa – Deyirsə, istəyirsə.

[vi] Səkrəqib – It düşmən, alçaq düşmən.

[vii] Suxtə-xərmən – Xırmanı yanmış məc., ürəyi yanmış.

[viii] Dilbaxtə – Könlü çalınmış, aşiq.

[ix] Şuridəvar – Dəlicəsinə.

[x] Onçi – O qədər.

[xi] Nasehi-bihudəgu – Boş-boş nəsihət verən.

[xii] Pənd – Öyüd.

[xiii] Sud – Mənfəət, xeyir.

[xiv] Gərm – Isti

[xv] Məmlüv – Dolu.

[xvi] Səri-suzən – Iynə ucu.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info