Qonaq Kitabı
Biz də bir az pis deyilik

Varsa səni bir çox sevən,

Biz də bir az pis deyilik.

Ariflərdən, aqillərdən,

Biz də bir az pis deyilik.

 

Aydınlatdın məclisləri,

Hurimisən, ya ki, pəri?

Sənsən gözəllər sərvəri,

Biz də bir az pis deyilik.

 

Ey ay üzlü, gözəl canan,

Hüsnün behişt tək can alan;

Dünyada yox mislin, inan,

Biz də bir az pis deyilik.

 

Hey dolanır çərxi-fələk,

Göydən yerə qədər, desək,

Görməz sənin tək bir mələk,

Biz də bir az pis deyilik.

 

Ey sərv qəddü simtən[i],

Şəkkər ləbü qönçə dəhən,

Çox incəsən, əlbəttə sən,

Biz də bir az pis deyilik.

 

Aşiqlərə sənsən dilbər,

Dilbərlərə oldun sərvər.

Cümləsindən sənsən behtər,[ii]

Biz də bir az pis deyilik.

 

Xublar olar xəcil səndən,

Yüz can verər hər bir xəndən,

Heyran olsun sənin bəndən,

Biz də bir az pis deyilik.



[i] Simtən – Gümüş bədənli.

[ii] Behtər – Ən yaxşı.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info