Qonaq Kitabı
Kinayə və kilayə

Ey acıqlı gözəl, qaba rəftar.

Bivəfa, etmisən cəfani şüar.

Həm sitəmkarsan və həm qəddar,

Nə sənin qeyrətin, nə arın var.

Dilbərin rahi rəsmi-kin olmaz,

Böylə ayin, böylə din olmaz!

 

Büsbutün işlərin olar bica,

Səndə nə həqq var, gözəl, nə vəfa,

Qalmamışdır üzündə şərmü həya,

Xalq içində məni qılan rüsva,

Deyirəm, səndə heç həya yoxdur,

Sözünə, əhdinə vəfa yoxdur!

 

Nə cəfalar yolunda çəkdim mən,

Eşidib tənə dost-düşməndən.

Görmədim zərrə mərhəmət səndən,

Zəhər içdim piyaleyi-qəmdən.

Oldum axır cahanda düşmənə kam,

Dostların qarşısında həm bədnam.

 

Əvvəl-əvvəl satıb yalandan əda,

Özünü dost kimi atıb araya,

Söylədin: görməmiş cahan əsla,

Mən kimi şux, dilbəri-rəna.

Nə vəfadə, nə başqa mənadə,

Yox bərabər mənə bu dünyadə.

 

Dost var aləmdə bir nəfər, – o mənəm,

Hüsnü gülzar içrə nəstərənəm,

Başqalar xar, təkcə mən səmənəm,

Sözü bir, əhdi bir vəfalı sənəm,

Tək mənəm fitrətən vəfadarəm,

Qeyrilər tək demə cəfakarəm.

 

Vurdun ol qədr sən vəfadən dəm,

Xatirimdə nə şübhə qaldı, nə qəm.

Gülüşün qönçə, göz yaşın şəbnəm,

Məni aldatdı, bilmədim nə edəm?

Məni-biçarəni zəbun etdin,

Qəlbimi zar, qərqi-xun[i] etdin.

 

Yadların eşqinə düşən gündən,

Mum kimi yumşalıb əzildin sən,

Nə utandın o saxta sözlərdən,

Qorxmadın nə xuda, nə də məndən.

Nə üçündü o can alan sözlər,

Ey iki üzlü, o yalan sözlər?!

 

Heyfdir sən kimi gözəl dilbər,

Sərv boy, gül yanaqlı məhpeykər,[ii]

Olasan bir rəqib ilə həmsər,

Ki, o kafər fəqir qani içər.

Heyf, səd heyf, olmadan xəbərin,

Olmusan aləti rəqiblərin.

 

Eyibdir ki, rəqib etmədən ar,

Baş qoyub yasdığa səninlə yatar.

Düşmənin pusqudan sənə söz atar,

Gah bir, gah digər eybin arar.

Gözəlim, qafil olma, huşyar ol

Ki, dolub düşməninlə sağ ilə sol.

 

Işin axır çatar sitəmlə başa,

Şişəni eyləyib nişanə daşa,

Bir oyunla çəkib səni savaşa,

Hörmətin, qeyrətin çıxınca boşa

Düşünərsən xətani bir anlıq,

Qalar ançaq sənə peşimanlıq.

 

Bu sitəmkarlar, bədayindir,[iii]

Həmi kafirdir, həmi bidindir,

Munis ad vermə, cümlə xaindir,

Bağiban bilmə, cümlə gülçindir.[iv]

Çalışır zülmilə o məlunlar,

Od sənin gülşəninə vursunlar.

 

Sözümü dinlə, olma onlara yar,

Bədəməl, zülmkardır onlar!

Səndə qeyrətlə ar qoymazlar,

Işin işdən keçər, olarsan xar,

O zaman sözlərim düşər yadına,

Çatmaz onda nəsihətim dadına.

 

Nə qədər ki, əlində var fürsət,

Başına çarə qıl, gözəl afət!

Qov qapından o nakəsi əlbət,

Yoxsa bir fitnə ilə biqeyrət,

Səni biçarə, natavan qılar.

Ürəyin qanını rəvan qılar.

 

Sən məni dost bilmədin özünə,

Qulaq asdın rəqiblər sözünə.

Düşmənin zülm oxu batıb gözünə,

Qandın onda ki, dost nədir, sözü nə?!

Məni xatırladın ki, boş yerə sən,

Incidib, qovmusan qapından həmən.

 

Nə edim, olmusan rəqibə əsir,

Ürəyim ram olmağa tələsir.

Etməyir sözlərim sənə təsir,

O üzü qarə düşmən, o bədəsil,

Səni öylə çıxarmamış yoldan

Ki, bu gün həq sözə qulaq asasan?!

 

Sənə vermiş özünü eylə nişan

Ki, yolunda keçib şirin candan,

Içirəm and, bu sözlərimə inan

Ki, yalan söyləyir, o bivicdan.

Istəyir qəlbini əsir etsin,

Ara yerdə qoyub səni getsin.

 

Sonra məlun işlədib bir fənn,

Səni məst eyləyib, salar əldən,

Oğru tək pusqudan çıxıb o, həmən,

Öz muradınca kam alar səndən.

Başqa bir dilbərə tərəf yol alar,

Səni rüsvalıq ilə həcvə salar.



[i] Qərqi-xun – Qana qərq olmuş.

[ii] Məhpeykər – Ay bədənli.

[iii] Bədayin – Pis fikirli, pis rəftarlı.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info