Qonaq Kitabı
Rübailər

Gül nə lazım ki, üzün gözəldir güldən,

Zülfi-siyəhin xoş görünür sünbüldən.

İnsaf ilə bax, naləsi bu Heyranın –

Yüz mərtəbə çox şuriş edir bülbüldən.

 

Ey mahi-pəri-peykərü fərxəndə xisal,[i]

Gördünmü nə etdi mənə ol ruzi-vüsal?

Aldı necə əldən dilü can, səbrü qərar,

Ol çeşmi-siyahinlə o zülfü ləbü xal.

 

Ey dil, onu gəl büləndnam[ii] et bari,

Şərməndəyi-izzü ehtiram et bari,

Heyranə əgər sən də bir az lütf etdin –

Bir rəhmə gəlib onu tamam et bari.

 

Bir bax nə gözəl kağəzi-əlvandır bu,

Şayəd ki, gülü-rövzeyi-rizvandır bu,

Hər an bu gülü sevməliyəm canım tək,

Çünki bizə ol düstdən ehsandır bu.

 

Pir olduq, əgər bəxt bizə yar olsa,

Bu gərdişi-əflak mədədkar olsa,

Qəm yoxdu əgər biz qocayıq, gənc olluq –

Dildar bir az bizlərə qəmxar olsa.

 

Ey cahü-cəlal sahibi, ey fəxri, zəmin[iii],

Nəzmin dağıdıb nəzmini dürrün, bu yəqin,

Şeirin ki, düşər naməyə ol xaməndən,

Hər yerdən ona söylənilər min təhsin.

 

Ey bad, əgər görsən o zalim yari,

Ol zülmkara söylə bu dərdi bari:

“Sən xof məgər eyləmədin Allahdan,

Saldın belə bir halə o məzlumları?”

 

Çox şükür ki, var ruzumuz hər şamü səhər,

Lakin bizə xoş keçməyir aləm əksər,

Çün yadə düşür halı fəqirin, fövrən,

Şəkkər belə ağızda olur sanki zəhər.

 

Məndən sənə ey mahi-dilaram səlam!

Ey fitneyi-dövrani-bədəncam, səlam!

Alqış o günəş ruyinə hər sübh erkən,

Ol zülfi-siyəhfaminə hər şam, səlam!

 

Aya nə olar oylə bir əyyam olsun,

Nakam dönüb dəhrdə bakam olsun.

Yarəb, bu rubailəri tək Heyranın

Hicranı da qoy axırı itmam[iv] olsun!



[i] Fərxəndə xisal – Gözəl xasiyyətli.

[ii] Büləndam – Şöhrətli.

[iii] Fəxri-zəmin – Yer üzünün fəxri.

[iv] Itmam – Tamam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info