Qonaq Kitabı
Müstəzad

Ol sərvi-sərəfraz ki, boylandı qapımdan,

                           Nur saldı cahanə.

Oxşatdım onun qəddini, gördükcə xüraman,

                           Bir sərvi-rəvanə.

Parlaq üzü məşriqdə edən dəmdə təcəlla,

                          Qəlb oldu pərişan.

Oldu ciyərim parə o kipriklər ucundan,

                          Od düşdü bu canə.

Gülşəndə boy atdı o qızıl gül kolu azad,

                          Qönçə verib açdı.

Min güllə o gülzari edib xürrəmü xəndan,

                          Həm etdi xəzanə.

Tuti özü, qümrü özü, bülbül özü, labüd

                          Cəm oldu pərəfşan,

Yarpaq özü, meyvə özü, yüz rənglə əlvan,

                        Gəlmiş bu cahanə.

Leyli kimi aşiqləri bitaqət edibdir,

                       Ol türreyi-tari.[i]

Yəqub kimi məskəni olmuşsa da Kənan,

                      Gəlmişsə fəğanə,

Yusif kimi Misr içrə qızıl təxtdə sultan,

                      Olmuş o yeganə.

Gah sevgi diyarında olub Xosrövi-Pərviz,

                      Fərhad kimi gah.

Tale əlinə tişə verib, zarü pərişan,

                     Bədbəxti-zəmanə.

Bir dərdə giriftar olarkən iki aşiq,

                    Olmuş biri xoşbəxt.

Kamincə cahan; digərinin qisməti hicran.

                    Min Dərdə nişanə.

Heyran sənin eşqinlə doğulmuş, a gözəl yar!

                    Şövqinlə yaşardı.

Eşqin həvəsi verdi onun ömrünə payan,

                    Torpaqda nəhandır

                    Bədbəxti-zamanə!



[i] Türreyi-tar – Qara tellər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info