Qonaq Kitabı
Haray, gəldi-gedər, bu fani cahan!

Haray, gəldi-gedər, bu fani cahan!

Etmişdir qəlbimi qanlı bir ümman.

O yarın-eşqindən qeyb olub huşum,

Çıxıb məcnun kimi əqlim başımdan.

Çəkdim karvanımı biyabanlara,

Yenə əql mənə oldu sariban.

Apardı o məni bütxanayədək,

Bütxanəçi çıxıb oradan haman,

Soruşdu: – Nə oldu, hanı sevgilin,

Onsuz necə keçir sənə bu dövran?

Dedim: – Əhvalımı soruşma, ey dost,

Qara eyləmişdir günümü hicran!

Nə tabü təvan var məndə, nə ürək,

Mümkünsə, eylə bu fərağa dərman.

Dedi: – Müştaqsansa xoş vusalə sən,

Yalvarıb çəkəsən gərək nalə sən!

Sərsəmə döndərdi məni dərdi-yar,

Keçsin deyə bağa eylədim güzar.

Gördüyüm nəstərən, gördüyüm lalə.

Elə bil, gözümdə oldu tikan, xar.

Göy kimi gurulayıb çaxdım, gözümdən

Bahar yağışı tək axıtdım yaşlar.

Baş qaldırıb dedi bir şeyda bülbül:

–Yardan ayrı düşmüş ey aşiqi-zar!

Mənə söylə görüm, necədir halın,

Yarsız necə keçir sənə ruzigar?

Söylə, de, keçirmi su boğazından,

Qəlbində qalmışmı aram, ixtiyar?

Dedim ki: – Söz açma hicrandan, ey dost,

Çarə tap dərdimə, ol mənə qəmxar.

Dedi: – Müştaqsansa xoş vüsalə sən,

Yalvarıb çəkəsən gərək nalə sən!

 

Günəş üfqə oldu naz ilə rəvan,

Məğribə[i] o dəmdə çevirdi inan[ii].

Nalə çəkə-çəkə getdim məclisə

Ta ki, onda ola könül şadiman.

Gördüm ki, yığılıb məclisə dostlar,

Yoxdur onlar içrə o sərvi-rəvan.

Od tutub alışdı qüssədən könül,

Bağrım oldu tamam qanlı bir ümman.

Orda pərvanayə eylədim xitab,

Ki: – Ey eşq oduna yanan hər zaman!

Vardırsa sevgiyə əgər dərmanın,

Bu canım, söylə ki, yandı, əlaman!

Pərvanə gördü ki, mən də aşiqəm,

Tezcə dilə gəldi həmin bizəban,

Dedi: – Müştaqsansa xoş vüsalə sən,

Yalvarıb çəkəsən gərək nalə sən!

 

Dərdim olmadıqda ondan kamiyab,

Üz tutub eylədim səhrayə şitab.

Əngin fələklərə baxdıqca baxdım;

Çarpan ürəyimdə yüz-yüz iztirab:

Öz yerində idi bütün ulduzlar,

Bircə görünmürdü o üzü məhtab.

Alışdı ürəyim hicran odundan,

Baxıb ulduzlara eylədim xitab:

– Sizin də ayınız mənimki təki,

Yoxsa gizlənmişdir, çəkərək niqab?

Ulduzlar həyəcana gəldi yerində,

Müştəri də verdi belə bir cavab:

–Ey avarə aşiq, eşitməmişsən,

Xəbərin yoxmudur, ey xanə xərab,

Bizi də odlamış o ay camallı,

Dərdindən qəlbimiz olmuşdur kabab.

Soruşdum: – Bu dərdin nədir çarəsi?

Əgər ki, bilirsən, de, olar savab.

Dedi: – Müştaqsansa xoş vüsalə sən,

Yalvarıb çəkəsən gərək nalə sən!..

 

Dedim əlacsızdır dərdim, kədərim;

– Ey səhər nəsimi, sən ol rəhbərim

Sənin gül nəfəsin ənbər qoxuyur,

Olsun ayaq tozun qoy taci-sərim!

Yoxdur havadarım səndən savayı,

Fəqət sənsən yarım, vəfapərvərim.

Məni qapısından qovdu sitəmlə,

Ah, o daş ürəkli, zalim dilbərim.

Kəsdi himmətini, pozdu ilqarı,

Odur ki, alışıb yanır ciyərim.

Dönərəm başına, apar özünlə,

Qoy bilsin dərdimi o cəfakərim!

De ki, bu sevdayə bir çarə qılsın,

Nə başda huşum var, nə də ki, səbrim.

Baxdı məlul-məlul mən avarəyə,

Belə cavab verib o meh sərvərim,

Dedi: –Müştaqsansa xoş vüsalə sən,

Yalvarıb çəkəsən gərək nalə sən!

 

Nəsimdən də mənə olmadı çarə,

Ürək, son ver, – dedim, – bu ahü zarə!

Qəlbim cavab verdi göz yaşlarıyla:

Əcəb fəqirsənmiş sən, a biçarə!

Kimin səbri çatar bu ayrılığa,

Kimdə can qoymuşdur o mahiparə.

Tamam bixəbərmiş eşq aləmindən,

Daş ürəkli gözəl, o zülfi qarə.

Bir sitəmkar ahu, bir qəddar mələk,

Hicrindən alışdım, tutuldum narə.

Qəlbimdən soruşdum, nə eləyim, de.

Bəs mən günü qarə, bəs mən avarə?

Səbrü qərarimi aldı, neyləyim,

Canımı həsrətlə üzən xunxarə?

Dedi: – Müştaqsansa xoş vüsalə sən,

Yalvarıb çəkəsən gərək nalə sən!

 

Bir çarə etmədi niyaz, ərzi-hal,

Ömrümü puç etdi bu cəngü cidal.

Nə qaldı canımda tabü təvanım,

Nə də ki, bir yana çıxardı xəyal.

Bax nə günə qoydu məni həsrətin,

Ey dilbər, rəhm eylə, barı nəzər sal.

Görürsən, saralıb necə solmuşam,

Firqətin ayımı eyləmiş hilal?

Tapşırdın ömrümü hicran əlinə,

Canımı hicrana eylədin halal!

Gecələr sübhədək axır göz yaşım,

Bir ləhzə ah-nalə verməyir macal.

Artıq ümid kəsdim qara bəxtimdən

Bildim: artıq mümkün deyildir vüsal!



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info