Qonaq Kitabı
Dustan! Hali-dili-zarimi dildarə deyin

Dustan! Hali-dili-zarimi dildarə deyin,

Şəhri-əhvalımı ol yari-sitəmkarə deyin.

Ruhi cismimdən alan ol büti-xunxarə[i] deyin,

Bəlkə bir rəhm edə bu ahi-şərərbarə, deyin,

Məni hicran ələmi saldı nə odlarə, deyin.

 

Bəh ki, girdabi-bəla[ii] içrə şikəst oldu gəmim,

Qərqi-tufan oluban, həddən ötübdür ələmim.

Yoxdu bir yari-vəfadar, bu dəm tutsun əlim,

O sitəmkarə belə ərz eləyin dərdü qəmim,

Qalmışam qürbət əra bikəsü qəmxarə, deyin.

 

Etdi dərmaninə möhtac o məhparə məni,

Qoydu bu çöllər əra bikəsü avarə məni.

Mübtəla etdi fəraqə genə xunxarə məni;

Gər ki, sizdən xəbər alsa o gözü qarə məni,

Əli yardan üzülüb, oldu günü qarə, deyin.

 

O cavana ki, qədi sərvi-dilaradır onun,

Üzü gül, xali siyəh, zülfü səmənsadır onun,

Yusifi-dəhr ki, şeydası Züleyxadır onun,

O təbibə ki, ləbi-ləli Məsihadır onun,

Çarəsiz dərdimə şayəd eləyə çarə, deyin.

 

Olmaz ol yari-vəfadarə qərin[iii] hurü mələk,

Qəmi-hicrində məni-qəmzədəyə yoxdu kömək,

Ümidim var idi ol mahi-rühi bir də görək,

Bürci-sədi-şərəfindən[iv] ayırıb, çərxi-fələk,

Kovkəbi bəxtimi saldı genə idbarə, deyin.

 

Dustan! Saldı ayaqdan məni hicran sitəmi,

Fələyin möhnəti, həm ayrılığın dərdü qəmi,

Yandırıb bağrımı, həm çak qılıbdır sinəmi,

Etdi pamali-sitəm[v] canımı qürbət ələmi,

Zəhri-hicran eləyib bağrımı sədparə deyin.

 

Ya rəb, ol bir də görər yarı kənarində dəxi?!

Qönçəyi-gül açılıb baği-baharində dəxi,

Xali yer yoxdu onun cismi-fikarində[vi] dəxi,

Qalmadı tabü tavan, çün dili-zarində dəxi,

Eləsin rəhm bu Heyrani-girifqarə, deyin.



[i] Boti-xunxar – Qana susayan gözəl.

[ii] Kirdabi-bəla – Bəla burulğanı.

[iii] Qərin – Yaxın, tay bərabər.

[iv] Bürci-sədi-şərəf – Şərəf və xoşbəxtliyin bürcü.

[v] Pamali sitəm – Sitəm tapdağı.

[vi] Cismi-fikar – Dərdli bədən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info