Qonaq Kitabı
Qeybdən yetdi bizə müjdə ki, cananə gəlir

Qeybdən yetdi bizə müjdə ki, cananə gəlir,

Nazilən zülfi-pərişanə çəkib şanə, gəlir,

İzzətü şövkətilə ol büti-fərzanə[i] gəlir,

Qıl tamaşa gözüm, ol sərvi-xuramana, gəlir,

Tökməyə aşiqinin qanını mərdanə gəlir.

 

Oldu mayil yenə bir afəti-dövranə könül,

Az qalıb şölə çəkib, eşq oduna yanə könül.

Can fəda eyləginən ol şəhi-mərdanə, könül!

Baxıban seyr elə sən ol məhi-tabanə könül,

Qıl tamaşa gözüm, ol mehri-dirəxşanə, gəlir.

 

Elədi mah-rüxim, aşiqini yad genə;

Oldu viranə könül müjdədən abad genə.

Dil olub qüssəvü qəmdən bu gün azad genə,

Badeyi-vəsli-rüxi-yarilə dilşad genə,

Meyi-vəhdətdən olub gör necə məstanə, gəlir.

 

Ruzi-əvvəl ki, gözüm ol məhi-tabanə baxıb,

Gözümün yaşi ilə Dəclələr Ümmanə axıb,

Əşkimin danəsini gərdəninə üqd[ii] taxıb,

Qəddi xiclət oduna sərvi-xuramani yaxıb,

Özü səd tənə vurub Yusifi-Kənanə, gəlir.

 

Güli-bixar açılıb gülşəni-can içrə bu gün,

Ruh tək cilvə elər mülki-rəvan içrə bu gün,

Yox onun tək dəxi bir şah cahan içrə bu gün,

Ədli Kəsranı qılıb kəsr şəhan[iii] içrə bu gün,

Şövkəti verdi şikəst təxti-Suleymanə, gəlir.



[i] Məhi-fərzanə – Ağıllı gözəl.

[ii] Üqd – Boyunbağı.

[iii] Şəhan – Şahlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info