Qonaq Kitabı
Elə bi aləm ki, divanəlikdən

Elə bi aləm ki, divanəlikdən,

Susur divanələr, görününcə mən.

Bir dərdə salıbdır məni bu hicran

Ki, bütün dəlilər qaçır yanımdan.

Divlər, yırtıcılar, heyvanlar, quşlar,

Məndən uzaq qaçıb, dolanır kənar,

Həsrətin, fəraqin məni üzəli,

İtirib əqlimi olmuşam dəli.

Könlüm vüsalına olalı talib,

Divanəlik gəlib əqlimə qalib.

Əqlimi qoyaraq lap yaman günə,

Eşqin səhhətimin cummuş üstünə.

Beynimdə elə bir qalmaqal olmuş,

Gözlərim kor olmuş, dilim lal olmuş.

Sənin eşqin ilə divanəyəm mən,

Əqlə, düşüncəyə biganəyəm mən.

Fəraqında dəli və sərxoş mənəm,

Əqlini, dinini unutmuş mənəm,

Hicrinlə, Məcnundan, ey sərvi-səhimi,

Yüz dəfə artıqdır divanəliyim.

Məcnun seyrə çıxıb gecə və gündüz,

Çəmənlərdən ötüb, keçirdi dağ, düz.

Mən isə bir güncdə oturmuşam tək,

Hicran zəncirilə zəncirlənərək.

Ayrılıq üzündən, ey gözəl mələk,

Deyildi Fərhadın halı mənim tək,

Sıldırım qayalar çapsa da Fərhad,

Vəslə yetişdikcə olurdu dilşad.

Şirinin belə bir adəti vardı,

Bisütun dağına seyrə çıxardı.

Mənəm o bəxtikəm, halı pərişan,

Dilbəri görməmiş vermədəyəm can.

Yaddı Züleyxa da mən düşən dərdə,

Keçirdi Yusiflə günü bir yerdə.

Vamiq də olmamış bu dərdə düçar,

Əzradan ayrılıb, Səlmə olmuş yar,

Cəfa görürsə də bülbül tikandan,

Budaqdan budağa uçur o hər an.

Elə bir vəfalı bülbüləm ki, mən,

Bihaləm bir gülün məhəbbətindən.

Varmı mənim kimi elə pərvanə,

Atəşdən aralı alışıb yana?

Qaranlıq gecəyə qığılcım səpən

Eşqdən çırpınan pərvanəyəm mən.

Tapılmaz gülşəndə mən kimi bülbül,

Kimdir mənim kimi yanıb, ola kül?

Görməmiş mən kimi Fərhadı aləm,

Sarmamış heç kimi məni saran qəm.

Məcnun da görməmiş dünya mənim tək,

Gəlmişəm aləmə cünunluqda tək.

Axtarsan mən kimi aşiq tapılmaz,

Heç kəs mənim kimi qarabəxt olmaz.

Arxasız, adamsız, tənha, müztərib,

Canandan ayrılmış qəribəm, qərib.

Heç kəs mənim kimi giryan olmasın,

Qürbətdo avara, nalan olmasın.

Xaliqi, hamisi, ey göyün, yerin,

Xatirəsi üçün peyğəmbərlərin,

Səni and verirəm hüsnünə gülün,

Bir də sahibinə uçan Düldülün,

Səni and verirəm bülbül əhdinə,

On iki imamın əziz cəddinə,

Bu hicran dərdinə özün şəfa ver,

Vəslə yetirməklə mənə dəva ver,

Artıq, sevgilimin ayrılığına

Məndə nə tab qalıb, nə də tavana.

Məhəmməd eşqinə, ey pərvərdigar,

Qürbətdən, həsrətdən sən bizi qurtar.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info