Qonaq Kitabı
Dərdlilər qasidi, ey badi-səba

Dərdlilər qasidi, ey badi-səba,

Səni and verirəm o bir Allaha,

Bu ürəkdən gələn salamımı al,

Halımı öyrənib, əhvalıma qal.

Bikəs adamların yoldaşı sənsən,

Naümid kəslərin sirdaşı sənsən.

Bütün aşiqlərin dostu-yarısan,

Bütün qəmlilərin qəmküsarısan.

Dayanma, dildarın yanına get sən,

Kəman qaşlı yarın yanına get sən,

Baş qoy ayağına sən o cavanın,

Üzünü yoluna sürt o cananın.

De, ey sərv qamət, de, ey gül əndam,

Hicrinlə səhərim olubdur axşam.

Ey səhər nəsimi, mərhəmət eylə,

Heyranın diliylə sən ona seylə:

Ey canımdan əziz, istəkli canan,

Canımı etmişəm mən sənə qurban

Ey mənin sevgilim, mənim qəmxarım.

Ey mənim gülşənim, mənim gülzarım,

Ey hüsnü aləmə nur çiləyən ay,

Vüsalı dostları şad eləyən ay,

O günəş hüsnündən alışır cahan,

Nə günə düşmüşəm gör fəraqından!

Ey mənə dar gündə havadar olan,

Vüsalın həyatdan şirindir inan.

Hardasan, başına dolanım, ey yar,

Qədəminə qurban bu canım, ey yar.

Hardasan dolanım başına canan,

Canım sərv boylu canına qurban,

İstərəm həyatım ola sadağa,

Gül-çiçək qoxuyan o ay qabağa.

Eləyəm can qurban sədaqətinə;

Tapmıram bir nöqsan sədaqətinə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info