Qonaq Kitabı
Sənə qurban ola könül, həm can

Sənə qurban ola könül, həm can.

Olmuş Heyran, hüsnünə Heyran.

Qəlb şəmi-cəmalinə xanə,

Ona aşiqlər oldu pərvanə.

Nə olub ey əziz hurizad,

Firqətin etdi könlümü naşad?

Nədən əhbabi[i] yada salmazsan,

Binəvalər qəminə qalmazsan?

Ey olum mən qədəmlərinə fəda,

Varmı təqsirim eşqdən başqa?

Səni təhrik edirmi düşmənlər,

Məni gözdən salırsan ey dilbər?!

Məni zülm ilə salmadın qələmə,

Munis etdin bu qədər dərdü qəmə.

Sən haman yari-mehribanım idin,

Sən haman şahi-kamiranım idin,

Ki, məni lütfün ilə şad hər an

Elədin aşikar, həm pünhan.

Mən haman aşiqəm ki, görmüşdün,

Könlünü mən qəribə vermişdin.

Çəkməz idin bir an məndən göz,

Sevgidəndi eşitdiyim hər söz.

Daima biqərar idin mənsiz,

Həmdəmi-ahü zar idin mənsiz.

Məndən ayrı düşəndə bar saət,

Səndə qalmazdı zərrəcə taqət.

Nə olub indi, ey canımdan əziz,

Ki, gözündən bu növi düşdük biz?

Gəl belə etmə, ey gözüm nuri,

Gəl belə etmə, ey gözəl huri!

Ey olan baği-hüsnə sərvi-rəvan,

Gəl belə etmə, mən sənə qurban!

Sənə layiq deyil, ay üzlü nigar,

Edəsən əhdini bu cür inkar.

Sənə layiq deyil, gözəl canan,

Unudub əhdi, andını qırasan.

Ey vəfa asimanının ayı, sən

Bizi bir namə ilə yad edəsən.

Məh cəmalım! Rəva deyil, əğyar.

Deyə ki, tərk qıldı yarını yar.

Bivəfa olmasın gərək dildar,

Edər insanları bu adət xar.

Çox-çox əvvəl demişlər aşiqlər,

“Bivəfa olmasın gərək dilbər”.

Gözələ bivəfa deyənlərə sən,

Qulaq asma, bil onları düşmən.

Nə qədər var gözəl bu dünyadə,

Öz vəfasilə fəxr edər sadə.

O gözəllər ki, bilməz əhdü vəfa,

Gözəl ad vermə onlara əsla.

Gecə bir aşiqi qucub onlar,

Sübh tezdən bir özgə yar arayar.

Necə şərtilə ölçülərsə camal,

Şərti-əvvəldir hüsnə əqlü kamal.

Hər cavanda ki, var camal yəqin,

Olmalı onda həm kamal yəqin,

Səndə ki, var camal, həm də kamal,

Bunu inkar edənlər olsun lal.

Heyfdir yar, bivəfa olasan,

Hədəfi-təni-əşqiya[ii] olasan.

Heyfdir dilbərim ki, bir bədxah,

Bivəfasan, bilib ola agah.

Heyfdir düşmənin pis adət edə,

Mənə tənə vurub şəmadət edə.

Çox yamandır ki, düşmənin, canan,

Sənə eyb axtarıb, edə tüğyan.

Mənə rəhm eylə, ey gül üzlü gözəl,

Bivəfalıqdan əl götür, yola gəl!

Təzədən mehriban ol, ey dilbər!

Necə ki, mehribandıq əvvəllər.

Məni zülmünlə qılma avarə,

Qıl məhəbbətlə dərdimə çarə.

Mehriban ol ki, mehribanəm mən.

Mehriban ol ki, bağrı qanəm mən.

Ey olan dürri-məxzəni-idrak,[iii]

Qüssədən düşməni gəl eylə həlak,

Mənə sonsuz məhəbbət ilə, gülüm,

Düşmənimi bağrı qan eylə, gülüm.

Ey qədi sərv, surəti gül olan,

Razi olma qalım belə nalan.

Üzünün həsrətindəyəm, gözəlim,

Nə edim, daməninə[iv] çatmaz əlim?

Gecə və gündüzüm qara olmuş,

Ürəyim dərdü ah ilə dolmuş.

Ruzigarım gecə, fəqət ayı yox,

Dərdimin, iztirabımın sayı yox.

Yatağımdır gecə mənə zindan,

Edərəm sübh olunca ahü fəğan.

Mənə gülşən qəmində gülxən olub,

Gülüşüm ahü nalə, şivən olub.

Mehriban yar, dərdi-hicrandan

Olmuşam zarü valehü Heyran.

Rəhm qıl naləvü fəğanıma, gəl,

Lütf qıl, cismi-natavanıma, gəl.

Qəlbimi qırmısan, nolur, yada sal,

Bu qırıq könlümü barı ələ al!

Məni bir an yad qıl, gözəlim,

Bir şirin sözlə şad qıl, gözəlim.

Məni şad eylə, qüssədən qurtar,

Ta duagu[v] olum sənə, dildar.

Gecə-gündüz deyim: yaşa, şən qal,

Qismət olsun sənə həmişə vüsal!



[i] Əhbab – Dostlar.

[ii] Hədəfi-təni-əşqiya – Düşmənlərin tənəsinə hədəf olmaq.

[iii] Dürri-məxzəni-idrak – Idrak xəzinəsinin dürrü.

[iv] Damən – Ətək.

[v] Düagu – Dua edən.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info