Qonaq Kitabı
Ey səhər mehi, ey səfa gətirən

Ey səhər mehi, ey səfa gətirən,

O gənc dilbərimin yanına get sən.

Əvvəl səcdə qılıb astanasına,

Salam de, ərzimi zikr et ki, ona:

Həya gülşəninin ey tər çiçəyi,

Şərəf bür ü, ayı, dilbər çiçəyi!

Ey nəcib nəsilli, səxavət kanı,

Məhəbbət bağının gözəl cananı,

Şərəf diyarının nadir incisi,

Nəcib qadınlığın ən birincisi,

Həya asimanı ey məh, lütf edib,

Xeyirxahlıq edib, kərəm ətf[i] edib,

Məktubla halımı xəbər alırsan.

Yazırsan: “Dövranın necədir, Heyran?”.

Əhvalım ağırdır, tükə dönmüşəm,

Hicran xəstəsiyəm, solub sönmüşəm.

Hər bağa gedəndə alışır ürək,

Tikan tək gözümə batır gül-çiçək.

Hicrandan qələm də yanıb tökülür,.

Firqət kitabını şərh edə bilmir.

Yatağa düşürəm gah ayrılıqdan,

Gah da qəm-qüssədən qan ağlaram, qan!

Nə hicrə, sükuta bir taqətim var,

Nə də ki, quruyur gözümdə yaşlar.

Dərdim söylənilməz, yoxdur dərmanı,

Çünki şərh olunmaz sövda dastanı.

Dostların həsrəti üzmüş canımı,

Yıxmış zalim fələk xanimanımı.

Ümid edirəm ki, qılıb mərhəmət,

Mənə göstərərsən ehsan, kəramət!

Məndən əsirgəmə səxavətini,

Ey şərəfli, qadın inayətini!

Nə qədər xəstəyəm kədərli, möhtac,

Günəş ol, başımın üstə ziya saç!

Layiq olmasa da şeirim sənə,

Heyran duaçındır ürəkdən yenə.

Nə qədər ay-il var, gecə-gündüz var,

Nə qədər ki, durur qoca ruzigar,

Bəxtinin binası qoy abad olsun.

Daim üzün gülər, qəlbin şad olsun!



[i] Ətf – Döndərmə, yönəltmə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info