Qonaq Kitabı
Ey gözümün nuru, candan əziz can

Ey gözümün nuru, candan əziz can,

Sən candan şirinsən, deyildir yalan.

Sənsən mənim üçün böyük Firudin,

Şövkətli İskəndər, şanlı Süleyman.

Sənin gözəlliyin müqabilində

Xəcildir Ütarid, Gün, Zöhrə, Keyvan.

Belə gözəl olmaz cinsi-bəşərdə,

Sən mələksən, mələk, deyilsən insan.

Böyük də Heyrandır sənə, kiçik də,

Tapılmaz sən kimi gözəl bir cavan.

Ölünü dirildər şirin kəlamın,

Dirini öldürər qəzəbin, inan.

Sənə canla-başla xidmət edənin,

Başı uca olar dünyada hər an.

Həyat çeşməsidir, həyat çeşməsi,

Şəkərdən yoğrulmuş o nəcib dəhan.

Görəsən, Heyranın yazıb-pozduğu

Zəif şeirləri o nazlı canan,

Mərhəmət göstərib bəyənəcəkmi,

Sanacaqmı onu diqqətə şayan?

Yaxud deyəcəkmi: “Bax, bunun kimi

Mənasız danışan görməyib cahan.

Bunlar nə şeirdir, nə mərsiyədir;

Dişsiz bir adamın ağzından çıxan

Dolaşıq sözlərdir, səfsətələrdir;

Onlarda mənadan yoxdur bir nişan,

Qısa ömrə bənzər birinci misra,

Sonuncu misrada yox vəzn-mizan.

Bir misra gödəkdir yar vəsli kimi,

O biri uzundur misali-hicran.

Xəbərdar eyləyin Heyranı, bir də

Qələmə almasın belə bir hədyan!

Qərəz ki, o ağa hər nə deyərsə,

Danışın, xəbərsiz qalmasın Heyran.

Heç nəyi, heç nəyi gizləməyin siz,

Görüm nə söyləyir hakimi-dövran,

Bu dünya durduqca bəxtiyar olun,

Ömür-gün keçirin xürrəmü xəndan.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info